“Qeyri-infeksion xəstəliklər və qlobal psixi sağlamlıq” mövzusunda simpozium keçirilib
Martın 26-27-də Bakıda “Qeyri-infeksion xəstəliklər və qlobal psixi sağlamlıq” mövzusunda simpozium keçirilib. İlk günü Milli Psixi Sağlamlıq Mərkəzində baş tutan tədbir işini martın 27-də Azərbaycan Tibb Universitetində (ATU) davam etdirib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev tədbirin əhəmiyyətindən danışıb: “Simpoziumun mövzuları dünyanın hər yerində aktualdır. İnsan sağlamlığına aid bu məsələlər haqqında daha çox danışılmalı, maarifləndirmə işləri aparılmalıdır”.
Sonra professor tədbir iştirakçılarına ATU-nun tarixi haqqında qısa məlumat verib.
Çıxış edən Harvard Tibb Məktəbinin mərkəzinin direktoru, professor Kerim Munir simpoziumun işinə uğurlar arzulayıb. Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, professor Nadir İsmayilov, ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri, psixiatr İkram Rüstəmov belə bir mötəbər toplantının Azərbaycanda keçirilməsini ölkəmizdə səhiyyə sahəsinin inkişafının göstəricisi kimi qiymətləndiriblər.
Tədbir “Autizm xəstəlikləri və əqli xəstəliklərə qulluq topoqrafiyası: xərclər, iş yükü və həyat keyfiyyəti”, “Uşaq və yeniyetmə psixiatriyasının qlobal problemləri üzrə Dünya Psixiatriya Assosiasiyasının uşaq və yeniyetmələrin psixiatriyası üzrə proqnozları”, “Autizm xəstəliklərinin aşkarlanmasında mədəniyyətlərarası təcrübələr”, “Azərbaycanda uşaq və yeniyetmə psixiatriyası təlimləri vəziyyəti”, “Azərbaycanda Psixiatriya təliminin vəziyyəti”, “Uşaqlıq dövrü depressiv və somatik pozğunluqlar” kimi bir sıra mövzularda plenar iclaslarla davam etdirilib.