Qərbi Qazaxıstandan olan tələbələr Azərbaycan Tibb Universitetinin sertifikatına layiq görülüblər (foto)

Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetində təhsil alan 10 magistrant Azərbaycan Tibb Universitetində (ATU) elmi işlərin qurulması və aparılması ilə əlaqədar təcrübə mübadiləsi keçib.

ATU-dan AZƏRTAC-a bildiriblər ki, təcrübə mübadiləsinin sonunda magistrantlar sertifikatlarla təltif olunublar.

Tədbirdə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov qazaxıstanlı tələbələrə təşəkkürünü bildirib: “Bir neçə gün ərzində siz ATU-nun kafedralarında və klinikalarında təcrübə keçdiniz. Ümid edirəm ki, razı qalmısınız. Onu da qeyd edim ki, universitetlər arasında belə təcrübə mübadilələri gənclərə gələcək işlərində çox böyük kömək edir”.

Qazaxıstanlı magistrantlar da ATU-nun rəhbərliyinə təşəkkürlərini bildirib, təmsil etdikləri universitet rəhbərliyi adından ATU-nun rektoruna hədiyyə təqdim etdilər.

Qeyd edək ki, Azərbaycan Tibb Universiteti dünyanın bir çox ölkələrinin aparıcı ali məktəbləri ilə əməkdaşlığı çərçivəsində tələbə və rezident mübadiləsi aparır. Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin “İctimai səhiyyə”, “Tibbi profilaktika işi” və “Tibb” ixtisasları üzrə II kurs tələbələri ATU-da “İnfeksion xəstəliklərin yayılmasının epidemioloji analizi”, “Tibdə elmi-tədqiqat işlərinin aparılması: prinsiplər, metodologiya və praktika” mövzusunda təcrübə keçiblər.

 

AZƏRTAC