Qadınlar mütləq hər il mamaqrafiya olunmalıdırlar
“Bizim telekanallarda ancaq müğənnilərin doğum günlərini, qarderoblarını, onların yayda hara istirahətə gedəcəklərini, kimin kimə söz atmasını göstərirlər. Bundan başqa nə var ki?”
Bunu AzVision.az-a Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib.
Baş həkim telekanalları sərt tənqid edib, bildirib ki, televiziyaların işi insanları maarifləndirməkdir: “Onkoloji xəstəliklərə qarşı insanları maarifləndirmək lazımdır. Bu işi biz tək görə bilmərik. İnsanları maarifləndirmək üçün televiziyadan istifadə edilməlidir. Xərçəng xəstələyinə qarşı insanlar maarifləndirilməlidir. Biz aksiyalar keçiririk, mühazirələr oxuyuruq. Deyirik ki, qadınlar 35-40 yaşından sonra mütləq ildə bir dəfə mamaqrafiya müayinəsindən keçməlidir. Niyə gəlmədiyini soruşduqda isə deyir ki, ağrımırdım. Nə üçün başqa ölkələrin vətəndaşları vaxtında həkimə gedib yoxlanırlar, bizdə yox? Çünki başqa ölkələrdə televizoru açanda publisistik proqramları izləmək olar. Bizim telekanalları açaq, baxaq görək ki, hansı televiziyada maarifləndirmə işi gedir. Hamısı müğənnilərin doğum günlərini, qarderoblarını, yayda istirahətə hara gedəcəklərini, kimin kimə söz atmaqlarını göstərir. Bundan başqa nə var ki? O zaman insanlar necə maariflənsin? Ən böyük təbliğat maşını televiziyadır. Xəstəliklə mübarizəni kütlə aparmalıdır, tək onkoloq yox. Kütləni maarifləndirmək üçün televiziyadan istifadə edilməlidir”.
Baş onkoloq bildirib ki, televiziyalarda belə verilişlərin açılması üçün sponsor tələb olunur: “Bizim reklam olunmağa ehtiyacımız yoxdur. Hansı televiziyaya gedirlər, sponsor istəyirlər. Bizdə elə şey yoxdur. Ona görə də biz qıraqda qalırıq. Televiziyalarda elmi publisistik proqram olmalıdır. Müğənnidən başqa elmi professor yoxdur ki, onun doğum gününü qeyd etsinlər? Camaata göstərsinlər ki, bunun cəmiyyətə verdiyi xeyir digərindən qat-qat üstündür. Bir azərbaycanlı həkim-təbib yoxdur ki, çıxıb xəstəlik haqqında danışsın, məlumat versin? Professorun cəmiyyətdə gördüyü iş çoxdur, yoxsa müğənninin? Telekanallar müğənniləri professorlardan üstün tuturlar”.
AzVision.az