Psixoloq: Yeniyetməlik dövründə uşaqların şəxsiyyət kimi təsdiq olunması çox vacibdir
Bakı, 5 yanvar, AZƏRTAC
Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid yolunda olan, adətən, 10-19 yaşları əhatə edən, fiziki, psixoloji, sosial və intellektual inkişafın sürətləndiyi, şəxsiyyətin formalaşdığı vacib bir mərhələdir. Yeniyetmələr müstəqillik qazanmaq və dünyanı anlamaq üçün yeni məsuliyyətlərlə üzləşməli olurlar. Çünki onlar azyaşlı uşaq olarkən böyüklərin həyat fəaliyyətlərinin ancaq görünən tərəflərini müşahidə edirdilər. Arxa planda baş verənləri onlardan uzaq tutmağa çalışırdıq. Amma zaman gəldikdə pərdənin arxası açılmağa başlayır və həyatın həqiqi tərəflərini tam və ya qismən uşaqlarımız görür. Həmin dövrdə valideynin dəstəyi, müstəqilliyə can atarkən, yanlarında olmaq və sosial şəbəkələrin təsirini diqqətdə saxlamaq çox vacibdir. Fiziki olaraq onların bədəni dəyişir, böyüyür, səs tonu dəyişir, tərləmə artır, hormonal dəyişiklik duyğu və davranışlarda özünü göstərir. Eyni zamanda, psixoloji olaraq uşaqlarda özünüdərk və tənqidi düşüncələr yaranır. Bu dövrdə emosional mühit dəyişkən olur, tez təsirlənir və ya əksinə laqeydlik görünür. Sosial maraqlar, gözləntilər dəyişə bilər. Uşaqlar bizdən uzaqlaşaraq, özlərinin axtarışında olurlar. Onlarda “Mən kiməm, kimə lazımam?”, “Nə üçün yaşayıram?”, “Məni kim sevir, məni kim dinləyir?” kimi suallar ortaya çıxır. Bu dövrdə bir şəxsiyyət kimi təsdiq olunmaq, “sən də varsan”, “ağıllısan”, “bizdən birisən” kimi qarşı tərəfdən eşidilməsi istənilən sözlər çox vacib sayılır. Bunu hiss etmədikdə, etiraz, üsyankar davranışları isə, təəssüf ki, böyüklər tərəfindən sərt qəbul edilir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin klinik uşaq psixoloqu Elnarə Baxışlı deyib.
Elnarə Baxışlının sözlərinə görə, hər bir valideyn bilməlidir ki, uşağının böyüməsi ilə o özü də dəyişməlidir. “Cəmiyyət içində uşaqlarımız bir çox xoşagəlməzliklərə şahid ola bilərlər. Çətinliklərdən, akademik fəaliyyətlərində, sevgidə və dostluqda yaşana biləcək uğursuzluqlardan heç kim sığortalanmayıb, çünki səhv etmək həyatın tələbidir. Valideyn olmaq güclü psixoloji, mənəvi və pedaqoji işdir, hətta vəzifədir. Uşaqlar üçün valideynin evdəki emosional halı, əhvali-ruhiyyəsi çox önəmlidir. Uşaq bundan qidalanır və güc alır. Çünki bu əhvali-ruhiyyə onun üçün bir günəş şüası kimidir. Valideynlər öz aralarında olan nifaqı uşaqlara hiss etdirməməlidirlər, lakin yanlış doğru olanları da onlara dərk etdirmək lazımdır. Valideynlər nə desə də, nə qədər nəsihətlər etsələr də, uşaqları çox zaman valideynlərin hərəkətlərini təkrarlayırlar. Sözsüz ki, yeniyetmələr üçün vacib olan ehtiyaclar var. Müstəqilliyə hazır olmaq, qidalanmaq, təhsil almaq, istirahət etmək, tibbi yardım almaq, mənəvi inkişaf yollarını və vasitələri seçmək və s. Hər bir yeniyetmə öz hüquqlarını bilməsini, daha yaxşı yaşamağını istəyəcək, akademik maraqları üçün məsləhətlərə ehtiyac duyacaq, cinsi inkişafı ilə bağlı məlumatlar və məsləhətlər axtaracaq. Sosial şəbəkələrdə bunu təklif edən, öyrədən və yol göstərən sonsuz sayda insanlar olacaq, onlarla bunları müzakirə etmək daha rahat olacaq. Çünki valideyndəki kimi emosional gərginlik hissini verməyəcək, utancaqlıq yaratmayacaq. Buna nəzarət necə olunmalıdır və ümumiyyətlə, müdaxilə etmək nə qədər düzgündür? Burada ən vacib iş bu dövrə hazırlıqlı olmaqdır. Yəni, uşağınızın 16 yaşı varsa və siz əvvəlcədən sağlam səmimiyyətin və güvənin bünövrəsini qoymamısınızsa, uşağınızla danışmaq çox çətin olacaq. 6-7 yaşlarından başlayaraq, uşaqlar öz genderliyini dərk etməlidirlər. Bu məsələdə əsas iş tənqid etmədən, xoş niyyətlə, maraqlı görünərək, hörmətlə onların sosial şəbəkədəki fəaliyyətləri və virtual dostları haqqında danışmaq lazımdır”, – deyə o vurğulayıb.