Psixiatriya Xəstəxanasında pasiyent döyülüb? - Polis araşdırmalara BAŞLADI
Daxili İşlər Nazirliyi (DİN) 1 saylı Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi ilə bağlı məsələni nəzarətə götürüb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, dekabrın 1-də vətəndaşın bədən xəsarətləri alması ilə bağlı polisə müraciət daxil olub. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Samir Əli
Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasında pasiyentin xəsarət alması iddia edilir.
Oxu.Az “Teleqraf”a istinadla xəbər verir ki, Masallı rayon sakini Telman Abdulhüseynov ailə üzvləri tərəfindən demensiya diaqnozu ilə xəstəxanaya aparılıb. O, noyabrın 29-da müəssisəyə yerləşdirilib.
Bu gün isə xəstə naməlum şəraitdə xəsarət alıb. T.Abdulhüseynovun oğlu bildirir ki, atasının aqressiv davranışları olmayıb. Onun sözlərinə görə, xəsarətlər xəstəxana əməkdaşları tərəfindən döyülmə nəticəsində yaranıb.
Xəstəxananın şöbə müdiri Xanım Hümmətova ittihamın əsassız olduğunu deyib. Onun sözlərinə görə, pasiyent döyülməyib, yıxılaraq xəsarət alıb.
Şikayət əsasında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları xəstəxanaya cəlb olunublar.
Pasiyentin xəsarətlərinin səbəblərini müəyyən etmək üçün müvafiq tibbi ekspertiza təyin edilib.

