Profilaktik tibbi müayinələr pandemiya dövründə də aparılmalıdır

Bakı, 15 dekabr, AZƏRTAC

Son iki ildə pandemiya ilə əlaqədar profilaktik müayinələr nisbətən ertələnir. Lakin bu dövrdə də xərçəngönü proseslərin vaxtında təyin edilə bilməsi üçün bəzi müayinələrin aparılması vacibdir. Bunlardan ilk növbədə Smear testi, qastroskopik-kolonoskopik müayinələr, süd vəzi müayinəsi və digərləri qeyd edilə bilər.

Mərkəzi Gömrük Hospitalının patomorfoloji diaqnostika şöbəsinin rəisi, patomorfoloq Zərifə Yusifli bu barədə AZƏRTAC-a bildirib: “Smear testi uşaqlıq boynu xərçənginin qarşısının alınması, ilkin dəyişikliklərin vaxtında aşkarlayıb müalicə etməyə imkan yaradır. Uşaqlıq boynu xərçəngi qadınlarda ən çox ölümə səbəb olan 10 xərçəng növündən biri sayılır. Xəstəlik heç bir simptom vermədiyindən hər bir qadının mütəmadi olaraq həmin müayinədən keçməsi vacibdir. 20-30 yaş arasında olan qadınlarda ildə bir dəfə, 30 yaşdan yuxarı olanlarda isə iki ildə bir dəfə yoxlanılması tövsiyə olunur. Ginekoloqlar tərəfindən alınan nümunə, patomorfoloji laboratoriyada patohistoloqlar tərəfindən mikroskop altında dəyərləndirilir. Nəticədə hüceyrələrdə olan dəyişikliklər və ola biləcək xərçəngönü vəziyyət vaxtında təyin edilərək müalicəyə cəlb olunur”.