PNAS: İdrak bacarıqları 3 yaşdan sonra daha stabil olur

Koloradoda aparılan əkizlər üzərində uzunmüddətli tədqiqatın nəticələrinin analizi göstərir ki, ümumi koqnitiv qabiliyyətlər (idrak bacarıqları) həyat boyu əsasən sabit qalır, lakin bu sabitlik yalnız üç yaşdan sonra formalaşır. Körpəlik dövründə əldə edilən koqnitiv göstəricilər böyüklük dövründəki qabiliyyətlərlə əlaqəli olsa da, bu bağlılıq zəifdir.
Azmedinfo.az xəbər verir ki, araşdırma PNAS jurnalında dərc olunub.
Koqnitiv qabiliyyətlər – insanın bilik qazanmaq, düşünmək, mühakimə yürütmək, problemləri həll etmək və yeni vəziyyətlərə uyğunlaşmaq bacarığıdır. Bu qabiliyyətlər hər bir insanda fərqlidir və fərqlər erkən uşaqlıqdan etibarən əhəmiyyət kəsb edir, çünki onlar akademik uğurlarla sıx bağlıdır. Daha yüksək koqnitiv qabiliyyətlər, adətən, məktəbdə daha yaxşı nəticələrlə əlaqələndirilir. Həmçinin əmək məhsuldarlığını artırır, xüsusilə mürəkkəb düşüncə, sürətli öyrənmə və problem həll etmə tələb edən sahələrdə.
Yüksək koqnitiv qabiliyyətlərə malik insanlar, adətən, daha əsaslandırılmış qərarlar qəbul edirlər. Bu bacarıq onlara variantları daha effektiv qiymətləndirmək və nəticələri qabaqcadan görmək imkanı verir. Koqnitiv qabiliyyətlər həmçinin sağlamlıqla bağlı davranışlara təsir edir – yüksək qabiliyyətə malik insanlar tibbi tövsiyələri daha yaxşı anlayır və xroniki xəstəliklərlə mübarizədə daha uğurlu olurlar.
Araşdırmalar göstərir ki, koqnitiv qabiliyyətlər gəlir, peşə statusu və karyera yüksəlişi ilə də əlaqəlidir və bu da onları sosial-iqtisadi mobilliyin mühüm faktoru edir. Bundan əlavə, koqnitiv bacarıqlar sosial münasibətlərin qurulmasına təsir göstərir: ünsiyyət qabiliyyəti, başqasının baxış bucağını qəbul etmək və münaqişələri həll etmək bacarığını gücləndirir.
Bununla bağlı tədqiqat göstərib ki, böyüklük dövründə koqnitiv qabiliyyətlərin 22%-i genetik faktorlarla izah olunur və bu faktorlar artıq 3 yaşına qədər mövcud olub. Daha 10%-i isə ümumi ətraf mühitin təsiri ilə bağlıdır, bu təsir 1–2 yaşlarında ölçülüb və ailədə, məktəbdə və ya qonşuluqda uşaqların yaşadığı ümumi mühit kimi faktorları əhatə edə bilər.
“Nəticələr göstərir ki, genetik və ətraf mühit təsirləri ümumi koqnitiv qabiliyyətlərə artıq 3 yaşında kifayət qədər sabit təsir göstərir, lakin körpəlik dövründəki koqnitiv inkişaf göstəriciləri gələcəkdəki qabiliyyətləri daha zəif proqnozlaşdırır.”