Plastmas qablarda olan mayelərin körpələrə verilməsi təhlükə doğurur
Bakı, 23 sentyabr, AZƏRTAC
Körpələrin sağlam böyüməsi onların necə qidalanmasından asılıdır. Çox vaxt analar balacalara yemək vermək qaydasına düzgün əməl etmirlər. Belə ki, bəzi analar körpəni qucaqlarına götürmək əvəzinə arxasına yastıq qoyaraq və ya uzadaraq yemək verirlər. Mütəxəssislər körpənin belə qidalanmasını uşağın sağlamlığı üçün təhlükəli hesab edirlər. Qeyd etmək lazımdır ki, belə hallarda ağciyərlərdə qida daşması baş verə bilər ki, bu hal bir çox xəstəliyin meydana gəlməsinə şərait yaradır.
Mütəxəssislər ana südündən başqa uşağa verilən bütün qidaların hökmən sterilizə edilməsini və bundan əlavə mayenin qəbulunu məsləhət görürlər. Qazlı içkilərin və gigiyena qaydalarına riayət olunmadan saxlanılan mayenin qəbulu isə yolverilməzdir.
Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a deyib: “Plastmas qablarda küçələrdə satılan mayelər daha təhlükəlidir, çünki günəş şüaları həmin qabları qızdıranda şirənin keyfiyyətinin müəyyən dərəcədə itməsinə səbəb olur”.
Uşaqların rasional qidalanması onların psixi və fiziki inkişafı üçün vacib amillərdən biridir. Qeyd edək ki, körpələrdə orqan və sistemlərin formalaşması prosesi sürətlə getdiyi üçün onların qidası düzgün və zəngin olmalıdır.