Pilot ərazilərdə yeni doğulmuşlara qulluq edən tibb işçiləri üçün praktik təlim təşkil olunub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə aprelin 24-də qurumun tabeçiliyinə verilən tibb müəssisələrində yeni doğulmuşlara qulluq edən tibb işçiləri üçün praktik təlim təşkil edib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında təşkil edilən praktik təlimdə adıçəkilən xəstəxanada, eləcə də Yevlax və Ağdaş rayon Mərkəzi Xəstəxanalarında işləyən 20 həkim – neonatoloq və orta tibb işçisi iştirak edib.

Bu barədə AZƏRTAC-a Agentliyin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib.

Təlim Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun neonatologiya bölməsinin baş elmi işçisi Züleyxa Mikayılova və neonatologiya bölməsinin elmi işçisi, pediatr Dinara Dadaşova tərəfindən keçirilib. Təlim materialları Səhiyyə Nazirliyinin tövsiyələrinə əsasən tərtib edilib.

Təlim zamanı iştirakçılar sağlam yeni doğulmuş uşağa ilkin baxış və qulluq, yeni doğulmuşların ilkin reanimasiyası tədbirləri, ağciyərlərin köməkçi ventilyasiyası, ürəyin xarici masajı, vaxtından əvvəl doğulmuş körpələrə xüsusi qayğı və qulluq qaydaları, kuvez və digər tibbi avadanlıqdan düzgün istifadə qaydaları sahəsində öz bilik və bacarıqlarını artırıblar.

Təlimdə neonatologiyada istifadə edilən müasir texnologiyalar, yeni doğulmuşlarda tez-tez rast gəlinən xəstəliklər, xüsusilə də təcili və təxirəsalınmaz halların erkən diaqnostikası, müalicəsi və profilaktikasına dair müasir yanaşmalar haqqında məlumat verilmiş, tibb işçilərinin bacarıqlarını artırmaq və təkmilləşdirmək məqsədilə praktiki təcrübə aparılıb.

Qeyd edək ki, pilot tibb müəssisələrində çalışan tibb işçiləri ötən həftə Respublika Perinatal Mərkəzində Səhiyyə Nazirliyinin, DST və BMT-nin Əhali Fondunun birlikdə təşkil etdiyi “Doğuşda ana ölümü ilə nəticələnməyən kritik halların təhlili” mövzusunda keçirilən təlimdə də iştirak ediblər.

 

AZƏRTAC