Peyvəndlərlə bağlı əsassız şübhələr

PhD Uzman Dr. Əli Quliyev 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.  1994-1998-ci illərdə Naxçıvan Türk litseyində, 1998-2004-cü illərdə Türkiyə Cumhuriyyəti 19 Mayıs Universitetinin Tibb fakültəsində təhsil alıb. 2004-2009-cu illərdə Hacettəpə Universiteti Tibb fakültəsi İhsan Doğramacı Uşaq Xəstəxanasında uzmanlıq təhsili alıb. 2013-cü ildə Tibb Elmləri üzrə Fəlsəfə Doktoru elmi dərəcəsinə layiq görülüb. Yerli və xarici jurnallarda çap olunmuş bir sıra elmi məqalələrin müəllifidir. PhD Uzman Dr. Əli Quliyev hal-hazırda “Medera Hospital”ında fəaliyyətini davam etdirir. 
PhD Uzman Dr. Əli Quliyev: “Əvvəlki peyvəndlərlə müqayisədə yeni peyvəndlərin əlavə təsirləri çox azdır”

“Qızılca peyvəndi autizm yarada bilməz”

“Uşaqlara zorla peyvənd vurmaqdansa, mətbuat, telekanallar vasitəsi ilə təbliğat aparmaq, maarifləndirmə işləri görmək lazımdır ki, insanlar övladlarını peyvənddən yayındırmasınlar. Hazırda cəmiyyətin tibbi baxımdan maarifləndirilməsi çox önəmlidir”.

Bunu Apa.TV-nin “Öncə sağlıq” proqramında qonaq olan pediatr, uzman doktor Əli Quliyev deyib.

Əhalinin peyvəndlərlə bağlı şübhələri haqda danışan Ə. Quliyev bunları deyib: “On bir il Türkiyədə oxuyub, işləmişəm. Orda heç bu sualla qarşılaşmamışam ki, siz bizim uşağa peyvənd vurursunuz, bunun bir fəsadı, övladımıza zərəri ola bilərmi? Çünki cəmiyyət bununla bağlı çox maarifləndirilib və bilirlər ki, peyvəndin vurulması vacibdir. Mən belə suallarla ilk dəfə Azərbaycanda qarşılaşdım. Valideynlərin peyvəndlə bağlı ilk sualı onun orqanizmə zərəri olub-olmaması barədədir. Bu o deməkdir ki, həmin ailənin peyvənd barədə təsəvvürü yoxdur. Peyvəndin nə olduğunu, nə üçün olunduğunu bilməyən insanların içində şübhələr yaranmağa başlayır.

Həkim valideynlərin ən çox göyöskürək, tetanus, difteriyaya qarşı “AKDS” peyvəndindən ehtiyat etməsini əsassız hesab edib: “ “AKDS” peyvəndinin adı çəkilən kimi valideynlər tez reaksiya verirlər, bundan imtina etməyə, şübhə ilə yanaşmağa başlayırlar. Bəziləri isə uşaqları bu peyvənddən yayındırırlar. Bütün bunlar əslində elmi məlumatlar əsasında çıxarılan nəticə deyil. Biri deyir ki, bizim qonşunun uşağına vurublar, ayağı şikəst qalıb, o biri iddia edir ki, bir uşağa vurublar, beynində problem yaranıb. Neçə illərdir ki, uşaqlara peyvənd vururam, Türkiyənin ən məşhur klinikalarından birində çalışmışam, bu danışılanların heç biri ilə həyatda qarşılaşmamışam. Bəli, nəzəri olaraq “AKDS” peyvəndindən sonra 5 milyondan bir insanda şikəstlik yarana bilər. Amma bu, nəzəriyyədir, bunun praktiki olaraq bir əsası yoxdur. Axı ortada elə bir uşaq yoxdur ki, onu misal göstərib deyək ki, peyvənd vurandan sonra şikəst qalıb”.

Pediatr “AKDS” peyvəndindən yayınmanın təhlükəli olduğunu deyib: “Hər kəs bilməlidir ki, “Akds” peyvəndi çox vacib olan peyvənddir. Bizim yanımıza bu peyvənddən yayındırılmış, göyöskürəyə yoluxan uşaqlar gətirirlər. Belə uşaqlar aylarla boğula-boğula öskürəkdən əziyyət çəkir. Bəzən valideynlər onları bu vəziyyətdən qurtarmaq üçün çiy balıq uddururlar, dəniz kənarına aparırlar, vertolyota qoyub havaya qaldırırlar. Halbuki bunların hamısı cəfəngiyatdır. Göyöskürəyin konkret  bir müalicəsi yoxdur. Zamanla, tədricən ötüb gedir, yaxud da xəstəlik ağırlaşaraq uşağı tələf edir. Uşaq sağalana qədər həm uşaq, həm də valideynlər işgəncə çəkir. Onu da qeyd etmək lazımdır ki, göyöskürəyə qarşı əvvəllər vurulan peyvəndlərlə indikilərin arasında fərq var. İndiki peyvəndlərin dozası dəfələrlə zəiflədilib. Əvvəl peyvəndin yan təsirləri daha çox olurdu, yəni daha çox qızartı verirdi, daha çox yerli şişmə, qızdırma yaradırdı. Amma yeni peyvəndlərin əlavə təsirlər çox-çox azalıb”.

Əli Quliyev deyib ki, bəzi hallarda xəstəliklərlə bağlı qoyulan yanlış diaqnozlar əsasında uşaqların peyvənddən yayındırılması halları da çoxdur: “Əslində, tibbi əsası olmayan, amma hazırda bizdə qoyulan bir sıra diaqnozlar var. Olmayan bir xəstəliklə bağlı diaqnozlar qoyulması, uşağa təhlükəli dərmanlar təyin olunması ilə yanaşı peyvənd vurulmaması da tövsiyə olunur. Bu halda valideynləri qınamaq da olmur. Adam özünü həmin insanların yerinə qoyur. Əgər bir insan on həkimə müraciət edirsə, onlardan bir hissəsi əslində tibbi əsası olmayan diaqnoz qoyur, belə uşaqların peyvənd olunmamasını tövsiyə edirsə, başqa bir qisim həkimlər bunun əksini söyləyirsə, deməli, valideyn hansı həkimə inanacağına qərar verməkdə çətinlik çəkir. Nəticədə isə ziyan çəkən uşaq olur”.

Qızılcaya qarşı olan peyvəndlərin yan təsirləri barədə yayılmış fikirlərə aydınlıq gətirən Ə. Quliyev bu şayiələrin əsassız olduğunu vurğulayıb: “Bəzən valideynlər deyirlər ki, biz uşağa qızılca əleyhinə peyvənd vurdurmuruq, çünki ondan sonra autizm xəstəliyi yaranır. Tibdə belə bir şey yoxdur. Qızılca peyvəndi autizm yarada bilməz”.

“Elə peyvəndlər var ki, onlar ya zəiflədilmiş mikroblardır, ya da mikrobların parçacıqlarıdır. Zəiflədilmiş mikroblar canlı olduğu üçün bəzi xəstəlik qruplarına – immun sistemi zəif olan, kimya terapiyası alan, xərçəng xəstəsi olan uşaqlara vurula bilməz”, deyən Ə. Quliyev vurğulayıb ki, immun sistemi zəif olduğu üçün, bu mikroblar zəif olsa belə, xəstəlik törədə bilər: “Amma mikrob parçacıqları olan peyvəndlər də var ki, onlarla bağlı istisnalar yoxdur, onlar bütün insanlara vurula bilər”.

Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev “Öncə sağlıq” proqramına açıqlamasında deyib ki,  peyvəndin nə zaman aparılıb-aparılmamasını nə valideyn, nə də konkret bir həkim müəyyən etməlidir: “Bunu həkim qrupu müəyyənləşdirməlidir. Həmin həkim qrupu infeksionist, LOR, nevroloq, pediatr həkimdən təşkil olunmalıdır. Ehtiyac olsa, digər mütəxəssis də çağırılmalı, son olaraq həkim-immunoloq baxmalı və peyvəndə icazə yazılmalıdır. Yoxsa kiminsə peyvəndin problem yaratması barədə eşitdiyi şayiələri bəhanə edib, uşaqları peyvənddən yayındırmaq olmaz. Bilmək lazımdır ki, peyvənd olunmaq həm də uşağın hüququdur. Valideynin bunu istəməməsi uşağın haqqını pozmaqdır. Uşaq da cəmiyyətin bir üzvüdür, onun da xəstəliklərdən qorunmaq hüququ var. Valideyn ondan böyük olduğu üçün bu hüququ onun əlindən ala bilməz”.

Baş pediatr deyib ki, indi artıq peyvəndlərə əks-göstərişlər azalıb: “Həmin preparatlar texnoloji cəhətdən o qədər təkmilləşib ki, onların çoxuna əks-göstəriş yoxdur. Ona görə də uşaqları peyvənddən yayındırmaq olmaz. Uşaqları peyvənd etdirməyib, risk qarşısında qoymaq qətiyyən doğru deyil. Valideyn uşağını peyvənd etdirmədikdə buna görə məsuliyyət daşıyır. Tibbi əks göstəriş olmadan peyvəndi valideynin istəyi ilə dayandırmaq olmaz”.

 

APA.TV

(http://apa.tv/cast/68/4360/2)