“Peyvənd yaşadır. Gələcəyə sağlam baxın!” adlı aksiya keçirilib

Bakı, 27 may, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin təşkilatçılığı ilə “Peyvənd yaşadır. Gələcəyə sağlam baxın!” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Park Bulvar” Ticarət Mərkəzində keçirilən tədbirin əsas məqsədi bir çox infeksion xəstəliklərdən qorunmaqda ən effektiv vasitə olan peyvəndlərlə bağlı insanları maarifləndirmək, uşaqların və gələcəyimizin təhlükəsizliyini təmin etməkdir.

Əyləncəli-maarifləndirmə formatında keçirilən tədbirdə uşaqlar üçün əyləncəli proqramlar təşkil edilərkən valideynlərə təbliğat materialları paylanılıb, ölkəmizdə uşaqlara vurulan peyvəndlər haqqında məlumatlar verilib və onları maraqlandıran, narahat edən suallar cavablandırılıb.

Qeyd edilib ki, Azərbaycanda peyvəndləmənin sistemli şəkildə aparılması nəticəsində poliomielit xəstəliyi ləğv edilib, məxmərək, difteriya, tetanus, göyöskürək xəstəliklərinin səviyyəsinin aşağı düşməsinə nail olunub.

Hazırda Azərbaycanda hepatit B, vərəm, tetanus, poliomielit, difteriya, göyöskürək, B tipli hemofil infeksiya, məxmərək, qızılca, parotit xəstəliklərinə qarşı peyvəndlər mövcuddur.

Peyvəndlərin zəncirvari tətbiq edilməsində məqsəd uşaqların immunitet qazanması və yoluxucu xəstəliklərə yoluxmamasına nail olmaqdır.

Profilaktik peyvəndlər vasitəsilə yoluxucu xəstəliklərin qarşısının alınması yoluxucu infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə metodu hesab edilir və əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Artıq bütün dünyada peyvəndlərin yoluxucu infeksiyaları və onların fəsadlarını aradan qaldıran əvəzolunmaz vasitə olduğu fikri qəbul olunub. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəyi və nəzarəti altında dünyanın 180 ölkəsində vaksinasiya proqramı icra edilir.

Vurğulanıb ki, ölkəmizdə peyvəndləmə Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir və istifadə edilən bütün vaksinlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində (AEM) müayinədən keçirilir, təhlükəsizliyinə zəmanət verilir. Uşaqları ciddi xəstəliklər qarşısında müdafiəsiz qoymayın!