Peşə məktəblərində ödənişli oxuyanlara da təqaüd təyin ediləcək
Milli Məclis peşə məktəblərində ödənişli oxuyanlara da təqaüdün verilməsinə dair layihəni qəbul edib.
“Report”un xəbərinə görə, bununla bağlı “Peşə təhsili haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsi barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib. O, qeyd edib ki, mövcud qanunvericilikdə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsil alanlara təqaüdün verilməsi nəzərdə tutulub. Təklif olunan dəyişiklikdə isə dövlət peşə təhsili müəssisələrində təhsil alanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunub.
Komitə sədri bildirib ki, peşə təhsilinin təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın genişləndirilməsi üçün geniş islahatlar həyata keçirilir. Bu dəyişiklik də Azərbaycan Respublikası Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamına uyğun hazırlanıb.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.