Pediatriya.az saytında təkmilləşdirmə işlərinin aparılması tamamlanmışdır
Pediatriya.az portalında aparılan texniki və məzmun yenilənmələri başa çatmış və sayt tam şəkildə oxucuların sərbəst istifadəsinə verilmişdir.
Portalın təsisçisi, həkim-neonatoloq (pediatr) Nərmin Əzizovanın verdiyi məlumata görə, izləyicilərin çoxsaylı xahiş və təklifləri nəzərə alınaraq bir sıra yeni bölmələr əlavə edilmişdir. Bunlara Azərbaycan Respublikasında fəaliyyət göstərən uşaq tibb müəssisələrinin siyahısı, onların ünvan və əlaqə vasitələri, həmçinin ölkəmizdə rəsmi fəaliyyət göstərən həkim-pediatr və həkim-neonatoloqların siyahısı daxildir.
Bununla yanaşı, doğum tarixinin hesablanması, oğlan və qız adlarının siyahısı kimi faydalı interaktiv bölmələrin hazırlanması istiqamətində işlərə də başlanılmışdır.
Nərmin Əzizova bildirib ki, bu yeniliklər izləyicilərin rəy və iradları nəzərə alınmaqla həyata keçirilmişdir:
“Bizi aktiv və passiv izləyən bütün oxucularımıza təşəkkür edirəm. Məhz sizin təklif və rəyləriniz sayəsində bu gün biz ölkədə təkcə pediatrik sahədə deyil, ümumilikdə tibb sahəsində yeganə maarifləndirici portallardan biri kimi fəaliyyət göstəririk. Tibbi maarifləndirmə həm Azərbaycan qanunvericiliyinə, həm də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən həkimlərin ‘müqəddəs borcu’ hesab olunur.”
Pediatriya.az komandası bundan sonra da uşaqların sağlamlığı və ailələrin məlumatlandırılması istiqamətində fəaliyyətini davam etdirməyi qarşısına məqsəd qoymuşdur.