Pediatr: "Pandemiyadan sonra peyvənd məsələsi daha da ciddiləşəcək"-MÜSAHİBƏ

Pediatr: “Pandemiyadan sonra peyvənd məsələsi daha da ciddiləşəcək”-MÜSAHİBƏ

“Bir çox xəstəliklərin insanlar üçün öldürücü təsirinin aradan qaldırılması, tamamilə yox olması məhz peyvəndlər sayəsində mümkün olmuşdur”.

e-tibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Neonatologiya və reanimasiya şöbəsinin rəisi, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayev deyib. Mütəxəssis hazırda Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Azərbaycanda da keçirilən immunlaşdırma həftəsi, vaksinasiyanın əhəmiyyəti barədə bir çox sualları cavablandırıb.

-Son günlərdə önəmli olduğuna diqqət çəkilən peyvəndlər insan həyatında nə qədər əhəmiyyətlidir?

-Mən söhbətimizə Amerikada ömrünün bir hissəsini peyvəndlərin tapılmasına həsr etmiş alim, peyvəndlərin “xaç atası” adı ilə məşhurlaşan doktor Stenli Plotkinin sözləri ilə başlamaq istərdim. O, peyvəndlərin əhəmiyyətindən danışanda qeyd edirdi ki, “insanların ölümünün qarşısını almaqdan ötrü peyvəndlərin tapılması heç bir tibbi prosedurdan az əhəmiyyətli deyil”. Yəni, hazırda mövcud olan bütün modern sistemlər: əməliyyatlar, xəstəxanalar, xərçənglə bağlı müalicə prosedurlarınınn heç biri insan ölümünə bu cür pozitiv təsir göstərməmişdir. Belə ki, tuberkulyoz, poliomielit, difteriya, quduzluq və günümüzdə olan ən böyük problemlərdən olan qrip kimi xəstəliklərin hamısına peyvəndin minimum təsiri 80%-dir.  Bir çox xəstəliklərin insanlar üçün öldürücü təsirinin aradan qaldırılması, tamamilə yox olması məhz peyvəndlər sayəsində mümkün olmuşdur.

Qeyd etmək istərdim ki, tibbi prosedurlar 2 cürdür: xəstələnəndən sonra müalicəvi prosedurlar və qoruyucu prosedurlar, yəni xəstəlik olmadan o mikrobun öldürülmüş parçalarını bədənə yeritməklə infeksiyaya qarşı immunitet yaratmaq və həmin xəstəliyin mikrobu ilə qarşılaşdığımız zaman o xəstəliyi keçirməmək, təsirini üstümüzdə görməməkdir.

-COVİD-19 pandemiaysı zamanı təqvim peyvəndləri uşaqlara vurulmalıdırmı?

 Əlbəttə, vurulmalıdır. Elə bu günlərdə Azərbaycanın Səhiyyə naziri  Oqtay Şirəliyevi “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə əmr imzalayıb. Əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır. Əmrdə 2020-ci ilin aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili nəzərdə tutulub.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, COVID-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb. Bir həkim kimi mən bunu alqışlayıram və ümid edirəm ki, vaksinasiyadan kənarda bir uşaq belə qalmayacaq. Sağlam gələcəyimiz, uşaqlarımızın sağlam böyüməsi üçün bu, çox vacib və təxirəsalınmaz addımlardan biridir.

-İnsanların bir çoxunda peyvəndlərə qarşı antipatiya var. Bu nə dərəcədə doğrudur? Qızılcaya qarşı peyvənd həqiqətən autizm yaradırmı? 

-Peyvəndin yan təsiri olduğuna inanmaq – günümüzdə təzə problem deyil. Hələ 1900-cü illərin əvvəllərində elə qurumlar, təşkilatlar olub ki, onlar peyvəndlərə qarşı güclü təbliğat aparıblar. Ötən əsrdə vaksinlər on milyonlarla insanın həyatını xilas edib. Amma bu gün bir çox ölkələrin ekspertləri vaksinasiyadan imtina meylini müşahidə edirlər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu vəziyyətdən o qədər narahatdır ki, bu problemi 2019-cu ildə dünya səhiyyəsinə 10 ciddi təhlükə siyahısına almışdır.

İndi də koronavirus pandemiyasından əvvəl bəlli qurumlar tərəfindən ciddi kampaniyalar yaradıldı, peyvəndlərin vurulmamasına görə çoxlu pullar ayrıldı. İnsanların peyvəndlərdən qorxma səbəbləri kimi: autizm yarada bilər, uşaq ağıldan geri qala bilər, inkişafında problem yarana bilər, bədənində şok yarada bilər, hətta dini inanclara görə peyvəndin sonsuzluq yarada biləcəyini düşünənlər var. Bunu ciddi şəkildə təbliğ edən böyük qurumlar mövcuddur. Lakin bütün bu mülahizələrin heç bir elmi qaynağı, elmi əsası yoxdur, heç sübutu da yoxdur. Peyvənd indi bütün dünyada tətbiq edilir, belə ki, faydası dəqiqləşdirildikdən sonra qəbul olunub. İnsanlar mütləq Ümümdünya Səhiyyə Təşkilatı, dünya ölkələrinin səhiyyə nazirlikləri kimi daha ciddi qurumların dediklərinə riayət etməlidirlər. Qızılca peyvəndi zamanı autizm yaranması barədə bir həkim nüfuzlu “Lanset” jurnalında məlumat yayımlamışdı, sonra aşkar oldu ki, autizmlə peyvənd arasında heç bir əlaqə yoxdur. Həmin həkim haqqında hökm çıxarıldı, diplomu əlindən alındı, jurnal isə öz yazdığını təkzib etdi.

 –Qripə qarşı peyvənd məcburi peyvənd deyil. Onun əhəmiyyəti haqda nə deyə bilərsiniz?

-Bəli, qripə qarşı peyvənd bir çox ölkələrdə məcburi deyil. Qrip dedikdə, İnfluenza A, H1N1- donuz qripi, ispan qripi və s. nəzərdə tutulur. Məsələn, ispan qripi 50 milyon insanın ölümünə səbəb olan bir qripdir. İnkişaf etmiş ölkələrin çoxunda qripə qarşı olan bu peyvənd tamamilə ödənişsizdir. Çünki, bu peyvənd çox önəmlidir, xüsusilə də, 6 ayla 5 yaş arasında olan uşaqlara, hamilə qadınlara, yaşlı insanlara, xroniki xəstəlikləri olan insanlara tövsiyə olunur. Hər il 300 mindən 650 minə qədər insanın ölümünə səbəb bu qripdir. Qripə yoluxmuş insanlarda bu peyvənd ölüm riskini 60-80% azaltdığı üçün biz bu peyvəndlərin vurulmasını məsləhət görürük.

 – Azərbaycan səhiyyə proqramında peyvənd təqvimi yetərlidirmi?

 – Bəli, əslində yetərlidir. Sadəcə, bizdə bəzi peyvəndlər var ki, bu təqvimə daxil deyil. Məsələn, suçiçəyi bəzən problem yarada bilər, məsələn, hamilə qadınlarda. Bu səbəbdən Azərbaycan səhiyyə proqramında peyvənd şkalası əlavə olunması məsləhətdir. Hepatit A 2 yaşından sonra artıq bir sıra ölkələrdə rutinləşib, – o peyvəndin də bizim şkalaya əlavə olunması yaxşı fikir ola bilər. Dünyanın 93-94 ölkəsində artıq rutinləşmiş və hər il  250 min uşağın ölümünə səbəb olan Rotavirus infeksiyasını götürək. Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir ki, 2007-2025-cillər arasında  dünyada 716 mln. 6 aylıq uşaqlara peyvənd edilərsə, infeksiyaya yoluxmuş 2,4 mln. uşaq ölümdən qurtulacaq, 93 mln. xəstəxanada müalicə alacaq, 500 milyon dollar tibbi qazanc əldə ediləcək.

Bizim şkalamıza gəldikdə, bu infeksiyaya qarşı peyvənd rutin deyil, ona görə də, daxil olması yaxşı fikir ola bilər. Meninqokok D peyvəndi artıq Avropa ölkələrində rutinləşib. Nadir olmasına baxmayaraq, Avropanın bir sıra ölkələrində rutinləşdi, ölkəmizdə səhiyyə şkalasına daxil olması planlaşdırıla bilər.

 – İnsanlar peyvəndlərin yan təsirindən necə qorunmalıdırlar?

– Bütün tibbi prosedurların yan təsirləri ola bilər. Məsələn, antibiotik qəbul etmək məcburiyyətində qaldıqda da bunun yan təsiri ola bilər, ağrıkəsici qəbul etdikdə, peyvənddə də təbii ki, yabançı maddənin bədənə yeridilməsi ilə bağlı yan təsir ola bilər. Milyonda bir yan təsiri böyüdüb peyvənddən qaçmağımız daha böyük risklər yarada bilər. Ən çox rastlaşdığımız təsir 10 nəfərdən 2-3-də qızdırma və ya peyvənd yerində qızartı ola bilər. Çox nadir hallarda – milyonda bir halda peyvənd anafilaktik şok yarada bilər. Hər hansı bir qidanı qəbul etdikdə, və ya dərmanı qəbul etdikdə də bu yan təsirlər ola bilər.  Həkimlik təcrübəmdə anafilaktik şokla qarşılaşmamışam. Peyvəndlərdən sonra uşaqlarda qızdırma və peyvənd yerlərində qızartılar olur və bu, 2-3 günə keçib gedir, əvəzində həmin uşaqlar artıq peyvəndlənmiş olur.

 – Hansı hallarda peyvəndlər vurulmamalıdır?

– Bu sual bir çox valideynləri narahat edir. Valideynlərin peyvən vurdurmamaq səbəbləri daha çox bunlardır: “Uşağım balacadır, erkən doğulub və ya burnu axır, yaxud qızdırması var – ona peyvənd vurdurmaq olarmı?” Bütün uşaqlar yaşına görə uyğun şkala üzrə peyvənd olunmalıdır.

Bir çox valideynlər uşaqda yaranan müəyyən narahatlıqları, xəstəlikləri iynədən sonrakı  fəsad kimi qəbul etdikləri üçün peyvənddən imtina edir. Ancaq uşaq xəstəliklərinin profilaktikasında önəmli yeri peyvəndlərin vaxtında və düzgün aparılması tutur. Bəzi valideynlər gərəksiz səbəblərdən uşaqları peyvənddən qaçırır və həmin uşaqlar peyvənddən qalmış olurlar. Məsələn, erkən doğulmuş uşaqlar 2 kiloqramı keçdikdən sonra peyvənd olunmalıdır. Bəzi xəstəliklərdə, məsələn, allergiya, ürək xəstəliyi, xroniki ağciyər xəstəliyinin olması – bunların heç birində peyvənd əks göstəriş deyil. Ən çox rast gəlinən anadangəlmə immun çatışmazlığı xəstəliyi varsa, düzdür  bu xəstəliyə çox nadir hallarda rast gəlinir, amma bu vəziyyətdə də peyvəndlərə xüsusi diqqət yetirilməlidir.

Bəzən uşaqlarda çox zəif bir qrip müşahidə olunursa, bu da əks göstəriş deyil, qızdırması varsa, 1-2 gün gözlənməli, sonra peyvənd olunmalıdır. Peyvəndlərin vurulmasının yaz və ya yay mövsümündən asılı olması fikri də düzgün deyil. Peyvəndlərin vurulması bütün uşaqlara vacibdir. Heç bir peyvəndi saxlamağa ehtiyac yoxdur. Hazırda Azərbaycanda uşaqlara 11 adda  infeksiyaya qarşı peyvənd vurulur.

-Bəs digər ölkələrdə peyvəndlərin edilməsi təcrübəsi nə deyir?

 

-Çox müsbət haldır ki, artıq bir çox ölkələrdə peyvənd məcburi hala gəlib. Məsələn, nümunə olaraq Türkiyəni misal çəkmək istərdim. Burada hər hansı uşaq peyvənd olunmadıqda onun valideynləri məsuliyyətə cəlb olunur.  Almaniyada uşaqlar peyvənd olunmazsa, məktəbə, bağçaya gedə bilməz. Həmin uşaqlar toplumdan təcrid olunmuş sayılır. Bu ölkələrdə peyvəndsiz bir insan xəstəxanaya gələrkən, o xəstə təcrid olunmuş məcburiyyətində qalır. Düşünürəm ki, COVİD-19 pandemiyasından sonra peyvənd olunmaq məsələsi çox ciddiləşəcək. Peyvənd olunmamış insanlar bəzi ölkələrə gedib-gələ bilməyəcək. Məsələn, bildiyimə görə, daimi və ya müvəqqəti yaşamaq üçün Amerikaya gedən insanlar yalnız peyvənd olunduqdan sonra gedə bilirlər. İnsanların sistemdə peyvənd  qeydiyyatı olacaq. Bu həm onların sağlamlığı, həm bütün insanların sağlamlığı üçün çox önəmlidir. Məsələn, qripə qarşı peyvənd ayrı-ayrı insanları 60% qoruyursa, hamının peyvənd olunması hər kəsi 100% bu xəstəlikdən qoruyacaq. Bu səbəbdən hər kəsin peyvənd olunması bütün xalqı bu xəstəlikdən qoruyacaq.

Misal üçün, bir vaxtlar çox yayılmış çiçək xəstəliyinə görə hamı peyvəndləndi və hazırda bu xəstəlik dünyada yoxdur. Hər il dünyada 100 mindən çox insan difteriyadan dünyasını dəyişirdi. Peyvənd sayəsində difteriya xəstəliyi hazırda demək olar ki, yox dərəcəsindədir. Yalnız Afrikada 2-3 ölkədə qalıb. Bu siyahını yenə də artırmaq olar, belə ki, yüzlərlə xəstəliyin qarşısını peyvəndlərlə almaq mümkündür. Elə bir neçə onillik əvvəl milyonlarla insan poliomielitin qurbanı olmuşdu – bu xəstəliyə tutulanlar ya dünyasını dəyişirdi, ya da ən yaxşı halda iflic olurdu. İndi vaksinlərin köməyi ilə bu xəstəlik tamamilə yox olub.

Valideynlərə bir daha uşaqlarını peyvənd etdirməkdən çəkinməmələrini tövsiyə edirəm. Övladlarını infeksoin xəstəliklərə qurban verməsinlər, bunun üçün çox az şey – vaxtında peyvənd etdirmək tələb olunur. Bununla, sağlam nəslin böyüməsinə kömək etmiş olarsınız.

Sonda bir məlumatı da nəzərinizə çatdırım ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünya üzrə son bir neçə ildə tövsiyə olunan vaksinləri qəbul edən uşaqların sayı artmışdır və hazırda 85% təşkill edir. Təşkilatın ekspertlərinin fikrincə, peyvəndlər hər il ölümdən 2 milyondan 3 milyona qədər uşağı xilas edir.

Pediatr: "Pandemiyadan sonra peyvənd məsələsi daha da ciddiləşəcək"-MÜSAHİBƏ