Pediatr: “Bəzən adi bir diş müalicəsi ilə ana südü kəsilir...”

Ana südü möcüzəli eliksirdir. Elmi olaraq hələ də tərkibi tam müəyyənləşdirilməyən ana südünün tərkibində hər il yeni maddələr kəşf olunmaqda və inanılmaz faydaları aşkarlanmaqdadır. Bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.

Həkim bildirib ki, hazırda mövcud olan əvəzedicilər (smeslər) ana südünün 50%- nə belə bənzəyə bilməz: “Onları nə qədər oxşatmağa çalışsalar da, buna nail ola bilmirlər. Bu baxımdan da ana südü misilsizdir. Hətta ana südü analara görə də fərqli olur. Hər bir ananın südü fərqli və öz körpəsi üçün individualdır. Ona görə də valideynlər maksimum dərəcədə çalışmalıdırlar ki, körpələr ana südü ilə qidalansınlar. İlk 6 ay ancaq ana südü verilir, çay, su, şəkərli su, bitki çayları və bir sıra əlavə qidalar ancaq altıncı aydan sonra uşağa verilə bilər. Uşağa iki yaşa kimi ana südü verilməlidir. Ana südü həm körpənin sağlamlığı üçün, həm də ananın sağlamlığı üçün çox əhəmiyyətlidir”.

Pediatr vurğulayıb ki, ümumiyyətlə, dünyada da, bir neçə ciddi xəstəlik istisna olmaqla (bu ciddi xəstəliklər zamanı ana uşağa süd verməz) ana südü uşağa verilir: “Amma çox vaxt müşahidə edirik ki, ana və yaxud da həkimlər “südün keyfiyyətsizdir”, “südün durudur”, “süd uşağı doydurmur”, “sudündə mikrob var””, “süd uşağa ziyandır” kimi əsası olmayan səbəblərlə ana südünün verilməsinin əleyhinə olurlar. Bəzən də adi bir diş müalicəsi ilə ana südü kəsilir. Halbuki bu hərəkət ananın özünə, uşağa və topluma mənfi təsir göstərməkdədir. Ona görə də analar məlumatlanmalı və həkimlər də maksimum şəkildə uşaqların ana südü ilə qidalanmasına cəhd etməlidirlər”.

e-tibb.az