Paytaxtdan ezam olunan həkim briqadası Gəncədə aparılan tibbi müayinələrdə iştirak edir

Səhiyyə nazirinin müavini Nigar Əliyevanın “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi üçün mütəxəssislərin regionlara ezamiyyəti haqqında” əmrinə uyğun olaraq paytaxtdan 6 müxtəlif ixtisaslı həkim Gəncədə 6 nömrəli poliklinikada əhalinin tibbi müayinəsini həyata keçirib.

AZƏRTAC xəbər verir ki, Gəncə Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədovun verdiyi məlumata əsasən fevralın 12-dən Gəncənin 5 poliklinikasında əhalinin tibbi müayinələrinə start verilib: “Müayinələr yüksək səviyyədə aparılır. Eyni zamanda Gəncə sakinləri ilə yanaşı şəhərimizdə məskunlaşmış qaçqın və məcburi köçkün qəsəbələrində də vətəndaşlar tibbi baxışdan keçirilir, şəhərdəki universitet və liseylərdə də müayinələr davam etdirilir. Bakıdan gələn bir qrup peşəkar həkim də sakinlərin sağlamlıq vəziyyətlərinin yoxlanılmasında iştirak edir.”

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Aris Rüstəmov ölkəmizin aparıcı mütəxəssislərindən ibarət briqadalar yaradılaraq bölgələrə ezam olunduğunu söyləyib: “Həmin briqadalar mütəmadi olaraq ölkəmizin 8 regionunda tibbi müayinələr aparacaqlar. Həm də müayinələr yalnız Gəncə şəhər sakinlərini əhatə etmir, ümumilikdə qərb bölgəsindən olan vətəndaşlar üçün təşkil olunub. Əhaliyə tibbi müayinələrin vaxti və yeri barədə yerli televiziya kanalları vasitəsilə qabaqcadan məlumatlar verilib”.

Şöbə müdiri onu da qeyd edib ki, baxış zamanı səhhətində müəyyən problemlər aşkarlanan vətəndaşlar laborator müayinələrə göndərilir.

Bakıdan ezam edilən həkim briqadası 6 nömrəli poliklinikada tibbi baxış zamanı 168 nəfərin müayinə, məsləhət və konsiliumunda iştirak edib.

 

AZƏRTAC