Parkinson xəstəliyi əsasən 40-60 yaşlarda yaranır - Nevroloq

Parkinson xəstəliyi nevroloji degenerativ xəstəlikdir və beyində dopamin əmələ gətirən neyronların itməsi nəticəsində baş verir.
Aztibb.az xəbər verir ki, bu fikirləri Mərkəzi Neftçilər Xəstəxanasının həkim-nevroloqu Nigar Heydərova parkinson xəstəliyi barədə məlumat verərkən bildirib.
Onun sözlərinə görə, xəstəlik əsasən 40-60 yaşlarda yaranır. Parkinson xəstəliyi ətraflar, baş və barmaqlarda titrəmə, hərəkət yavaşlaması, nitqin ləngiməsi, düz dayana bilməmə, mimikanın itməsi, duruşun pozulması əlamətləri ilə müşahidə edilir.
Nigar Heydərova qeyd edib ki, müalicə zamanı beyində dopamin tərkibini artıran dərmanlar istifadə olunur və həyat tərzinin dəyişdirilməsi, məsələn, idmanla məşğul olmaq məsləhət görülür. Parkinson xəstəliyində reabilitasiyanın aparılması mütləqdir.
“Parkinson xəstəliyinin müalicəsi zamanı əsas prinsip hərəki pozulmaların və motor sindromların, xüsusən də psixi, vegetativ və yuxu pozulmalarının yüngülləşdirilməsidir”, – deyə nevroloq bildirib.