Özü kiçik olsa da, orqanizmdə bütün prosesləri tənzimləyən vəz barədə. Pediatr-endokrinoloq İlsur Novruzov

Pediatr-endokrinoloq İlsur Novruzov qalxanabənzər vəzi xəstəliklərinin “gəncləşməsi” səbəblərinə aydınlıq gətirir
Son illər qalxanabənzər vəzi xəstəlikləri nəinki böyüklər, azyaşlı və yeniyetmələr arasında da geniş yayılmağa başlayıb. Bəs adıçəkilən xəstəliyin yaranmasına səbəb nədir? Azyaşlılar arasında bu xəstəlik niyə çoxalır? Bu barədə geniş məlumatı Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının assistenti, pediatr-endokrinoloq İlsur Novruzov verib.
Onun sözlərinə görə, son illər uşaqlarda və yeniyetmələrdə qalxanabənzər vəzi xəstəliklərinin artması təkcə ölkəmizdə deyil, bütün dünyada müşahidə olunur: “Qalxanabənzər vəzi çox vacib funksiyanı yerinə yetirir və demək olar ki, bütün sistemlərin fəaliyyətini tənzimləyir. Bu orqan nisbətən kiçik ölçülü olsa da, orqanizmdə bütün prosesləri tənzimləyən lazımi hormonları ifraz edir. Onun nəzarəti altında yuxu, qidalanma, tənəffüs, ürək döyüntüsü, maddələr mübadiləsi prosesi, doğum qabiliyyəti və s. dayanır. Bu orqanda hətta kiçik pozğunluqların olması orqanizmdə ciddi problemlərin baş verməsinə səbəb ola bilər. Son illər bu xəstəlik o qədər geniş yayılıb ki, dünya əhalisinin demək olar ki, 30 faizi müxtəlif qalxanabənzər vəzi problemlərindən əziyyət çəkir”.
Həkim bildirib ki, tibdə qalxanabənzər vəzin böyüməsi zob adlanır. Zob anadangəlmə və sonradan qazanılmış ola bilər. Qalxanabənzər vəzin funksiyasının azalması hipotiriodizmə gətirib çıxarır. Hormonların həddən artıq ifrazı isə toksik zoba səbəb olur. Qalxanabənzər vəzin ölçüləri ilə onun funksional aktivliyi arasında birbaşa əlaqə yoxdur.
Pediatr-endokrinoloq valideynlərə övladlarında qalxanabənzər vəzin sağlamlığı məsələsinə həssas yanaşmağı tövsiyə edib. Onun sözlərinə görə, yeniyetməlik dövründə qalxanabənzər vəzi orqanizmin hormonal yenidənqurulmasında və fiziki inkişafında mühüm rol oynadığı üçün ona diqqətlə yanaşmaq lazımdır: “Yeniyetmələrdə bu vəzin fəaliyyətinin pozulması onlarda tez yorulma, halsızlıq, yorğunluq, baş ağrıları, yaddaşın zəifləməsi, əhval dəyişikliyi, saç tökülməsi, dərinin quruluğu, bağırsaq disfunksiyaları və menstrual tsiklin pozulması kimi əlamətlərlə özünü göstərə bilər. Ən çox rast gəlinən səbəblər isə stress, əmək və istirahət rejiminin pozulması, artmış psixi və fiziki yüklənmə, artıq çəki və metabolik pozğunluqlardır. Bu gün azyaşlı uşaqlar arasında ən çox rast gəlinən xəstəlik isə hipotireoz xəstəliyidir. Xəstəlik anadangəlmə də ola bilər. Bu zaman qalxanabənzər vəzi ya tamamilə olmur və ya həddindən artıq böyük olur.
Azyaşlı və yeniyetmələrdə qalxanabənzər vəzin klinik gedişi böyüklərə nisbətən fərqlidir. Yenidoğulmuşlarda isə kretinizmə səbəb ola bilər. Qazanılmış hipotireoza daha çox 7-12 yaş arasında rast gəlinir, tibdə bunun adı autoimmun tireoid kimi keçir”.
Mütəxəssis bildirib ki, həkim-endokrinoloqa vaxtında müraciət olunmasa, xəstələrdə ciddi fəsadlar yarana bilər. Belə ki, intellektual pozğunluqlar, fiziki inkişafda qüsurlar, ürək və immunitetlə bağlı problemlər baş qaldırar. Ən ciddi fəsad isə 14-24 yaş qrupunda xərçəngin yaranmasıdır.
İ.Novruzov qalxanabənzər vəzi xəstəliklərinə daha çox 12-18 yaş arası qızlarda rast gəlindiyini qeyd edib. Belə ki, qızlarda oğlanlara nisbətən 3 dəfə çox müşahidə olunur.
Mütəxəssis, söhbətimiz zamanı xəstəliyin yaranma səbəblərinə də toxunub: “Xəstəliyin bir sıra yaranma səbəbləri var ki, onlardan ekoloji vəziyyətin çirkli olmasını (ağır metallarla, pestisidlərlə, dizraptorlarla çirklənmə) irsi meyillilik – xüsusilə qadın xətti ilə X xromosomları vasitəsilə keçməni, natamam və qeyri-sağlam qidalanmanı, xroniki iltihabi proseslərini, tez-tez rast gəlinən virus infeksiyalarını (qrip, məxmərək, adenoviruslar və s.), mikroelementlərin (dəmir, selen, sink, yod) çatışmazlığı və ya normadan artıq olmasını qeyd edə bilərəm. Səbəblər təkcə bunlar deyil. Son illər psixoloji faktorların təsirini və məktəbdə şagirdlərin həddindən artıq yüklənməsini də bu siyahıya əlavə etmək olar.
Bundan başqa, risk faktorları da xəstəliyə şərait yaradan amillərdəndir. Bura KT, kəllə və boyun nahiyəsinin rentgenoqrafiyası kimi tibbi prosedurlar, bəzi dərman preparatlarının qəbulu da daxildir”.
Bütün bunları nəzərə alaraq, azyaşlılarda və yeniyetmələrdə yuxarıda sadalanan əlamətlər müşahidə olunarsa, həkim-endokrinoloqa müraciət etmək, müayinə olunmaq lazımdır ki, gələcək fəsadların qarşısı alınsın.