“Özəl klinikalarda daha zəiflədilmiş peyvənd vurulur"- Əli Quliyev - MÜSAHİBƏ - VİDEO

Son dövrlər Azərbaycanda uşaqlar arasında müxtəlif virusların artması ilə bağlı narahatlıq müşahidə edilir. Bəzi valideynlər övladlarının il boyu tez-tez xəstələndiyini deyirlər. Qış bir yana, yayda da qusma, qızdırma, ishal kimi özünü göstərən xəstəlikdən əziyyət çəkməsindən şikayət edirlər. Son zamanlar yaranan bu vəziyyət, ələlxüsus yay virusları, onun səbəbləri, çıxış yolları ilə bağlı uşaq həkimi Əli Quliyevlə söhbətləşdik.

Müsahibimiz Azərbaycanda bir çox ailələrin övladlarını etibar etdikləri məşhur pediatrdır. 
Hazırda özəl klinikalardan birində işləyən Əli Quliyev yerli və xarici jurnallarda çap olunmuş bir sıra elmi işlərin müəllifidir. 2013-cü ildə Tibb Elmləri üzrə Fəlsəfə Doktoru adını alıb, 1994-1998-ci illərdə Naxçıvan Türk litseyində, 1998-2004-cü illərdə Türkiyə Cumhuriyyəti 19 Mayıs Universitetinin Tibb fakültəsini bitirib. 2004-2009-cu illərdə Hacettəpə Universiteti Tibb fakültəsi İhsan Doğramacı Uşaq Xəstəxanasında uzmanlıq təhsili alıb. 16 ildir ki, pediatr kimi fəaliyyət göstərir.

Onun News24.az-a müsahibəsini təqdim edirik:

Bu xəstəlik zamanı uşaq ölə bilər, əgər…

– Son dövrlər valideynləri daha çox uşaqların yoluxduğu qusma, ishal, qızdırma şəklində özünü biruzə verən və müalicəsi uzun çəkən xəstəlikdir. Buna bəzən bağırsaq qripi, rotavirus  da deyilir. Xəstəliyin bu qədər yayılmasına səbəb nədir?

– Yay aylarında uşaqlarda mədə-bağırsaq infeksiyalarını daha çox görürük. Qış aylarında öskürək, qrip daha çox müşahidə edilir. Mədə-bağırsaq infeksiyalarının qaynaqlarının əsas səbəbləri kirli sular, çirkli qidalar, bəzən də havadır. 5 yaşlı uşaqlarda mədə-bağırsaq infeksiyalarının əsas səbəbləri isə virus infeksiyalarıdır. Bunlardan ən çox yayılanı rotavirusdur. 100 uşaqda olan xəstəliklərdən 70-80-nində rotavirus aşkarlanır. Rotavirus özəl müalicəsi olan xəstəlik deyil. Xəstəlik adətən şiddətli qusma ilə başlayır. Məsələn, valideyn gəlib deyir ki, uşaq gün ərzində 10 dəfə qusub. Hərarət ola da bilər, olmaya da. Bundan sonra ishal başlayır. Rotavirus niyə təhlükəlidir? İnsan o qədər qusur, o qədər ishal olur ki, bədənin suyu quruyur.  Əsasən balaca uşaqların valideyni  deyir ki, gündə 10-20 dəfə ishal olub. Bu qədər ishal, qusma bədəndə su itkisi deməkdir. İnsan bu virusun özündən deyil, susuzluqdan zərər görməyə başlayır. Bədən susuz, mineralsız qalır, bununla da, beyin və böyrəklər zərər görməyə başlayır. Bu virusun müalicəsində ən əhəmiyyətlisi mümkün qədər bədəndə suyun bərpasıdır. Uşağa suyu ya valideyn içirməli, ya da ona xəstəxana şəraitində sistem köçürülməlidir. Amma valideynlər onu da bilməlidirlər ki, xalq arasında deyilən sistem müalicə üçün deyil. Bir də görürsən uşağı hər qusan, ishal olan yaxınlaşır ki, doktor, sistem yaz. Bilmirlər ki, sistem uşağı müalicə etmir, onunla bədənin susuq qalmasının qarşısını alırıq. Rotavirusda xüsusi müalicə üsulu yoxdur, sadəcə, bu xəstəlik zamanı xüsusi mineral tozlar var, onu içməyi tövsiyə edirik. Valideynlər həmin həbləri suda həll edib uşaqlarına içirirlər. Eyni zamanda, uşaqlara probiotiklər də verilir, xalq arasında onlara “Şlaqabasil”, “Şaromikes” deyirlər. Bunlar qarınkəsici dərmanlar deyil, biz belə dərmanlardan istifadə etmirik. Tənzimləyicilər veririk ki, daha tez düzəlsin. Əgər uşaq xəstəlik zamanı 7 günə sağalırsa, bu probiotiklərdən sonra xəstəlik beş gün çəkir. Xəstəlik müddətini bir – iki gün qısaldır. Sual oluna bilər ki, iki gün nə qədər önəmlidir ki, dərman verək? Birincisi, probiotiklər dərman deyil, ikincisi də, su itirdiklərinə görə vücud zərər görə bilər. O baxımdan həmin məqamda bir gün də bizim üçün əhəmiyyətlidir.

– Bəs bundan necə qoruna bilərik?

–  Bu, havadan, sudan yoluxan bir virusdur. Gərək insan nəfəs almasın və ya natəmiz sulardan uzaq dursun. Bu da təbii ki, mümkünsüz bir şeydir. Dünya praktikasında bunu necə edirlər? Məsələn, Amerikada rotavirusun peyvəndi var. Və bu, məcburi peyvəndlər cədvəlində yer alıb. Bizdə isə, bu, təbii ki, məcburi pevənd deyil. Rotavirus ancaq 6 aya qədər uşaqlara vurula bilər. O baxımdan Amerikada 6 ayına qədər uşaqlara peyvənd vurulur ki, onlar xəstəliyə yoluxarlarsa, yüngül keçirsinlər. Bizdə isə bu, valideynin istəyinə əsasən, özəl klinikalarda ödənişli olaraq aparılır.

– Rotavirusla bağlı peyvəndlərin bağırsaqlarda problemlər yaratdığı deyilir…

– Bəli, 6 aydan böyük uşaqlara rotavirus peyvəndi vurularsa, bağırsaqda sürüşmə yaranır. Amma həmin yaş həddinədək uşaqlarda isə belə fəsadlar olmur.

Uşaqlara antibiotiki bu səbəbdən vermək olmaz…

– Bəzi həkimlər bu xəstəlik müddətində qızdırma qalxdıqda antibiotik təyin edir, bu, doğrudurmu?

–  Ümumiyyətlə, mədə-bağırsaq infeksiyalarında nadir hallarda antibiotiklərdən istifadə olunur.
Məsələn, “Salmanella” virusu insane toyuqdan, çiy yumurtadan yoluxur.  Bizdə valideyn o dəqiqə antibiotik vurdurmağa çalışır. Əgər risq faktoru azdırsa, antibiotik vurulmamalıdır. Uşaq 3 aya qədərdirsə, immun sistemində problemlər varsa, onda antibiotik veririk. “Salmonella”da antibiotik verilməsi tövsiyə olunmur. Amma dezinteriyalarda antibiotikdən istifadə oluna bilər. Amma çalışılmalıdır ki, bu da uzunmüddət olmasın. Çünki insan bağırsağının mikroflorası vardır. Hər insanın bağırsağında 600-1000 arası mikrob növü vardır. Sayı da trillionlarcadır. Mikrobların bəziləri yaxşı, bəziləri pisdir. Antibiotik qəbul edən zaman o hər ikisini- yaxşı və pis mikrobları öldürür, bağırsaq florasını pozur. Bu zaman 10 günə sağalmalı olan uşaq 2 ay ishal olur, qusur, çəki itirir. Yəni bağırsaq florası bərpa oluna bilmir. Bu baxımdan mədə-bağırsaq infeksiyaları zamanı antibiotikdən uzaq durmağa çalışmaq lazımdır. Eyni zamanda, mədə bağırsağda rotavirus, adenavirus, enterevirus və s. olduğu üçün ümumiyyətlə antibiotik verməyin effekti, faydası yoxdur.

Uşaqlarda immun sistemini qaldırmaq üçün…

– Bəzi valideynlər uşaqlarının tez-tez xəstələnirməsindən narazılıq edirlər. Uşaqların təbii yolla immunitetinin güclənməsi üçün nə etmək lazımdır?

– İmmun sistemi insan doğulmağa başladığı gündən formalaşmağa başlayır. 5 yaşına qədər olan uşaqlar ətrafdakı infeksiyalara qarşı daha həssas olurlar. Daha tez-tez xəstələnirlər və bu, uzun sürə bilir. Xüsusilə də, bağçaya gedən uşaqlar ətrafdakı viruslara daha həssasdırlar. Əslində bu, normaldır. O yaş həddində uşağın immun sistemi formalaşır. Uşaq xəstələnir və bədən buna öyrəşir, daha sonra xəstələnmir. Məsələn, bayaq rotaviruslar haqqında danışdıq, insan təkrar olaraq rotavirusa yoluxa bilər. Amma ilkini ağır keçirər, ikincini yüngül, üçüncünü daha yüngül keçirir. Növbbəti dəfə isə bu virusa yoluxmur. Çünki bədən ona qarşı öz immunitetini yaratmış olur. Təəssüf ki, bu gün üçün dünyada immun sistemini qüvvətləndirən dərman tapılmayıb. Ümumiyyətlə, immun sistemə müdaxilə etmək olmaz. Çünki immun sistem çox güclənərsə, bu dəfə özü-özünə zərər verməyə başlayar. Məsələn, “revmatizma” kimi, yaxud xərçəng xəstəliyi kimi. İnsanda immun sistemi öz-özünə itir və bədənə zərər verməyə başlayır. Hüceyrələr immun sisteminin nəzarətindən çıxır. Birini gücləndirmək istəyəndə başqasına zərər verir. O baxımdan da dünyada immun sistemini gücləndirəcək dərman yoxdur. Bununla bağlı uşaqlara yalnız təbii qidalarlayardım edə bilərik. Məsələn, uşaq həftədə üç dəfə ət, yumurta, süd və süd məhsulları yeməlidir, göyərti isə mədə-bağırsaq üçün çox önəmlidir. Ayda 3-4 dəfə balıq dadmalıdır. Heç qidalanmayan uşaqlara isə vitamin veririk. Amma bunu da bir müddət etmək olar. Valideyn bir yolla uşağını yedirməyin yolunu tapmalıdır.

Uşaqları qələbəlik yerlərdən uzaq tutun!

– Bəs yeni doğulanda uşağa necə baxılmalıdır ki, böyüdükcə tez-tez xəstələnməsin?

– Bu gün dünyada yeni doğulan uşaqların immun sisteminin möhkəmlənməsi, bağırsağının formalaşması, gələcəkdə allergik olmaması üçün birinci tövsiyə uşaqlar ana südü ilə qidalanmasıdır. O baxımdan süni qidalar ana südünün yerini verə bilməz. Süni qida yeyən uşaqlarin gələcəkdə alergiya olma ehtimalı ana südü ilə qidalanan uşaqdan 3 dəfə artıqdır. Yaxud bağırsaq problemi olma riski daha çoxdur. Eyni zamanda, normal doğulan uşaqla qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların bağırsağı eyni ola bilməz. Qeysəriyyə ilə doğulan uşaqların bağırsağı zəif olur. Onlar həssas, infeksiyaya daha tez yoluxan olurlar, daha tez ağırlaşırlar. İlk olaraq, uşaqlar təbii doğuşla dünyaya gəlməlidir, mütləq şəkildə 2 yaşa qədər ana südü ilə qidalanmalıdır, yəni analar əlavə qidalara tələsməməlidirlər. Məsələn, bizə valideyn uşağı gətirir, deyir 2 yaşında uşağa sup yedirirlər. Halbuki dünyada qəbul olunan qayda var, 4 ayı tamam olmamış uşağa əlavə qida vermək olmaz, bununla bağırsağa ciddi zərər dəyir. Eyni zamanda, gigiyenik qaydalara mütləq əməl olunmalıdır, əllər tez-tez yuyulmaı, evə xəstə adamların gəlməsi yasaqlanmalıdır. Azyaşlılar, körpələr xəstə ziyarətinə, insanların çox olduğu yerlərə aparılmamalıdır. Adətən böyüklər xəstə olmasalar da, daşıyıcı olurlar, uşağı öpürlər. Bu da hansıda virusa yol aça bilir.

Bunu hər dəfə deyirəm, təəssüf ki, cəmiyyətdə peyvəndə qarşı antipatya var. Uşaqların vaxtlı-vaxtında peyvəndlənməsi çox önəmlidir. Bir qism insan vurub, bir qismi vurdurmadığı zaman bütün uşaqlar risq altına girməyə başlayır. Hamılıqla bunu etmək lazımdır ki, infeksiyaya yoluxmasınlar. Bayaq da dedim, Amerikada rotavirusun peyvəndi məcburi keçirilir. Çünki kimsə uşağını həkimə çatdıra bilmirsə, sistem qoydura bilmirsə, o, ölə bilər. Yaxud da şikəst qala, beyni zədələnə bilər. Pediatriyada bizim birinci məqsədimiz profilaktikadır. Elə etmək lazımdır ki, uşaq xəstələnməsin, əgər virusa yoluxubsa, uşaq miningit, hepatit, sətəlcəm, polimelit ola bilər. Amma bunların hamısı peyvəndlə qoruna bilən xəstəliklərdi. Burada profilaktik tədbirlərin yerinə yetirilməsi lazımdır ki, mümkün qədər uşaqlar xəstələnməsinlər.

– Valideynlərdə peyvəndə qarşı bir fobiya var. Hətta yaxınlarının övladının peyvənddən öldüyünü deyənlər də var

–  Bəzi mövzular var ki, burada ictimai rəy nəzərə alınmaya bilər. Peyvəndlə bağlı mövzu da buna aiddir. Buna ümumdünya səhiyyəsi necə düşünürsə, elə baxmaq lazımdır. ÜST dünyada ən etibarlı səhiyyə təşkilatıdır. Eyni zamanda, Amerikanın Pediatriya Akademiyası var, bunlar dünyanın ən peşəkar tibbi qurumlarıdır.  Onlar ciddi şəkildə peyvəndi tövsiyə edirlər. Hətta məcburi olmayan peyvəndləri də vururlar. Məsələn, bizə ən yaxın olan ölkə Türkiyədə suçiçəyi, Hepatit A peyvəndi məcburi vurulur. Yəni bizdən daha çox peyvənd vurmağa başlayıblar. Bu baxımdan valideynlər o qurumların yazdıqlarını, tövsiyələrini izləməlidirlər. İkincisi, 16 ildir ki, bu sahədə çalışıram, öz xəstələrimdən peyvəndlə bağlı şikəst olan, dili tutulan görməmişəm. Olsa da, bu, nadir hallarda rast gəlinə bilər. Məsələn, polimelit damcısından sonra milyonda bir insanda problem yarana bilər. Halbuki bu peyvəndi vuduğun zaman 9 milyon 909-u nəfəri qoruya bilirsən. Bunu belə düşünmək lazımdır. Bir zamanlar çiçək xəstəliyi yayılb. Milyonlara insan bundan şikəst olub, kor qalıb, dəri xəstəliyindən tələf olub. 1978-ci ildən  bəri isə peyvənd vurulandan sonra bu xəstəlik demək olar ki, yoxdur. Artıq onun peyvəndinə də ehtiyac qalmayıb. Buna peyvəndin sayəsində nail olunub.

Dövlət poliklinikasında vurulan peyvənin özəl kilinikada vurulandan fərqi ondadır ki…

– Özəl klinikalarda peyvəndlər çox bahadır, dövlət klinikalarında isə ucuz. Bunların keyfiyyətində də fərq varmı?

– Dünyada AKDS kimi tanınan GDT peyvəndi var. Özəl klinikalarda bu peyvənd zəiflədilmiş əkildə vurulur. Yəni onun əks təsiri çox azdır. GDT peyvəndinin yüngülləşdirilmiş formada vurulması tövsiyə olunur. Amma digər peyvəndlərin ciddi fərqi yoxdur.

Hansı qida ana südünü əvəz edir?

– Bəzən  ana səhhətiylə bağlı övladına süd verə bilmir. O halda uşağı nə ilə qidlandırılmalıdır? Hansı süni qida daha keyfiyyətlidir?

– Təbii ki, ana südü yoxdursa, uşağa süni qidalar verilməlidir. Bəzən ana südünü əvəz etmək üçün keçi südündən istifadə edirlər, amma o da ana südünü əvəz edə bilməz. Çünki tərkibində yetərli vitaminlər yoxdur. Əgər uşaq yalnız keçi südü ilə qidalanarsa, vitamin çatızmazlığı yarana bilər. Buna görə də süni qidalar yaradılıb, vitaminlə zənginləşirilib ki, uşağın ehtiyacı təmin olunsun. Süni qidalar da keçi və inək qaynaqlı olur. Bu süni qida o birisindən daha yaxşıdır deyə bir fikir yoxdur. Çünki bir uşağın qidalandığı qida digərində alergiya, yaxud qusma yarada bilər. Ona görə də süni qidalardan hansının ona düşdüyünü təyin etməyə çalışırıq. Amma marka olaraq bu gün heç bir süni qidanın bir-birindən üstünlüyü yoxdur.

– Bayaq “çirkli su” ifadəsini işlətdiniz. Uşaqlar üçün hansı sudan istifadə etmək lazımdır?
– Bugünə qədər dünyada insan üçün tapılmış iki vacib amil vardır. Bunlardan biri təmiz su, digəri isə peyvənddir. Milyonlarla insan kirli su səbəbi ilə tələf olub. Çiy suyun mikrob olmadığına əminsizsə içə biliərsiz, amma əmin deyilsizsə, qaynatmaq lazımdır.

– Mövsümlə əlaqadar valideynlər uşaqları dənizə, hovuza aparırlar. Bundan sonra da uşaqlar viruslara yoluxur…

– Uşaq allergik deyilsə, aparmaq olar, bunun ziyanı yoxdur. O suların da müəyyən qurumlar tərəfindən nəzarətdə saxlanması lazımdır. Xlor çox vurularsa, dərini zədələyə bilər. Bəzi qurumlar sudan nümunələr götürüb, mikrob növlərini və  miqdarını araşdırmalıdırlar. Yetəri qədər sanitariya qaydalarna əməl olunub olunmadığı yoxlanılmalıdır. Amma bu da hovuzlara rəhbərlik edən məkan sahiblərinin vicdanına qalıb. Əgər hovuzlar təmiz deyilsə, demək, ən böyük infeksiya mənbəyi oradır. Biz bəzən deyirik, dəniz xeyirdir, günəş xeyirdir. Amma kanalizasiya suları çimərliyə axıdılırsa, bu əsl infeksiya, çirkab mənbəyidir.

– Son zamanlar uşqlarda allergiyalar da artıb. Buna görə valideynlər orqanizm üçün lazım olan süd, yumurta, bal kimi qidalardan imtina etməyə məcbur olurlar. Bəs, bu zaman nə etmk lazımdır?

– Düzdür, allergiya artıb. Bayaq da dedim, ana südü ilə qidalanmırsa, uşaqda allergiya artır. İkinci isə qeysəriyyə əməliyyatı ilə doğulubsa, allergiya olma ehtimalı böyükdür. Yaşadığı mühitdə hava təmiz deyilsə, daimi qidalandığı qidalar konservant məhsullardırsa, təbii ki, bunlar da allergiyanı artırır. Marketlərdə satılan növbənöv cipsilər, şokaladlar hamısı konservant məhsullar sayılır. Bunlardan uşaqlar nə qədər çox qidalanarsa, təbii ki, allergiya olma ehtimalı da yükəkdir. Burada həm də irsi amil əhəmiyyətlidir. Ətraf mühitdəki səbəblər də bunun ortaya çıxmasını sürətləndirir. Təəssüf ki, bu gün allergiyanın müalicəsi yoxdur. Verilən müalicə də simptomatikdir. İnsan rahatlasın deyə təyinat verilir. Ən əsas müalicə də səbəblərin aradan qaldırılmasıdır. Yəni dərmanlar müvəqqəti olaraq uşaqları sakitləşdirir, amma dərman kəsilən zaman allergiya yenidən əmələ gəlir. Amma  zaman içində alleergiyaların çoxu öz-özünə itib gedir. Bədəndə immuntolerans yaranır. Yəni öz həssaslığını bu maddələrə qarşı itirə bilər. Əgər itirməzsə, allergik rinit, övrə və ya asma olaraq davam edə bilər.

“Deyəndə ki, astmadır, sağalmaya bilər, küsüb gedirlər”

  Azərbaycanda yetəri qədər tanınmış həkimsiz. Bir çox insanlar şəfa tapmaq üçün sizə üz tutur. Bir müddət öncə isə sosial şəbəkələrdə haqqınızda mənfi rəylər oxuduq. Bu qara piardı, yoxsa?

– Bir həkim hər kəsi məmnun edə bilməz, dünyada da belədir. Əgər kimsə deyirsə ki, hamını məmnun etmişəm, burada anormallıq vardır. Tibdə sağalan və sağalmayan xəstəliklər var. Məsələn, allergik asmalı xəstə ilə bağlı izahat verirsən, deyirsən ki, bu, sağalmaya bilər. Pasient küsür. Üzünü çevirib gedir. Gedib haqqında mənfi fikirlər danışır, deyir ki, həkim məni sağalda bilmədi. O baxımdan hər kəsi məmnun etmək olmur. İkincisi də, bəzən insanlar bir-birinə hörmət etmirlər. Məsələn, bəzən beş qızdırmalı uşaq növbədə gözləyir. Təcili yardıma yönləndirirəm ki, orada tez baxsınlar. Yəni bunların beşinə də birdən baxmaq mümkünsüzdür. Mütləq sıralama olmalıdır. Bir çox hallarda da beşinci adam problem yaradır, “Siz mənim uşağıma baxmırsız, uşağım ölsə, siz məsuliyyət daşıyacaqsız” deyə təpki verir. Bir valideyn narazılıq edəndən sonra digər valideynlər də danışmağa başlayırlar. Eyni zamanda, onlar da növbədənkənar girmək istəyirlər. Biz də valideynə bildiririk ki, vəziyyəti ağırdırsa, təcili tibbi yardıma gedin, orada tez baxsınlar. Sonra isə mən uşağınızı qəbul edəcəyəm. Buna da razı olmayıb, küsüb gedirlər. Sosial şəbəkələrdə yazırlar ki, həkim bizi qəbul etmədi. Qəbul etmədi başqadır, qəbul edə bilmədi, başqa. Vəziyyət çox ağır olanda mən özüm hətta təcili tibbi yardıma gedib uşağa nəzarət edirəm. Normal pediatr gündəlik olaraq 15 xəstəyə baxmalıdır. 15-dən çox xəstəyə baxanda həkimin gözündən nə isə yayına, diqqətli olmaya bilər,. Uşaqdakı ciddi problemi görməyə bilər. Biz təəssüf ki,  15-dən daha çox, 20 bəzən də 30 uşağa baxmaq məcburiyyətində qalırıq. Biri qusma, biri qızdırma, bir başqası daha fərli xəstəliklə bizə üz tutur. Valideynlər başa düşməlidir ki, biz də insanıq. Hər şey maddiyata bağlı deyil.

– Qəbulunuz 60 manatdır. Nəyə görə belə bahadır?

– Bu məbləğdən mənə cəmi 15 manat qalır. Bu məbləğdən vergi və özəl klinikanın digər məsrəflərinə xərclənir.

 

Söhbətləşdi: Afaq Mirayiq
Foto-Video: Fərid Şabanov