Övladınızın depressiyada olduğunu necə bilməli? – 5 ƏLAMƏT

Elə hesab etməyin ki, depressiya yalnız böyüklərə məxsus problemdir. Uşaq nədir, depressiya nədir düşünənlər böyük səhv edirlər.
Dünyada 15-28 yaşlı gənclərin birinci intihar, ölüm səbəbi uzun müddətli depressiyadır. Hətta 5-8 yaşlı uşaqların da depressiv epizodları  olur.
Medicina.az azyaşlı uşaqlarda depressiyanın ilkin və əsas əlamətlərini təqdim edir. Valideynlər diqqət yetirməli məqamlar.
1.Ölüm, intiharla maraqlanır
Uşaq insan necə ölür, öləndən sonra nə olur, hansı ölümün asan, çətin olması barədə soruşur, bu mövzuda film, şəkillərə baxır.
Bəzən mübahisə zamanı özünü öldürəcəyəni açıq deyir. Valideyn bəzən bunu manipulyasiya, şantaj kimi qəbul edir və uşağı daha da danlayır. Əgər uşaq “kaş məni dünyaya gətirməzdin”, “kimə lazımam” tipli sözlər deyirsə, bu açıq-aşkar kömək hayqırtısıdır.
2.Heç kimlə açıq ünsiyyətə girmir
Az qala eyni vaxtda bütün dostları ilə əlaqəni kəsir. Uşaqdan ancaq nəsə soruşanda cavab verir, başqa vaxt bir kəlmə də kəsmir. Özü barədə heç nə danışmır. Heç bir şey ona maraqlı deyil. Əvvəl marağında olduğu heç nəyə can atmır, gəzintiyə getmir. Bəzənsə əksinə uşaq evdən uzaqlaşır, ağlayır, isterika yaradır, həyəcanlanır. Əgər bu hallar fərqi yoxdur, hansı, 2-3 həftədir davam edirsə, deməli, uşaq depressiyadadır
3.Somatik simptomlar yaranır
Stress, depressiya səhhət və orqanlarda özünü göstərir: uşağın həzmi yaxşı getmir, ürəyi bulanır, qarnı səbəbsiz sancır, ürəyi, sinəsi sıxılır, başı ağrısır, yorğun, əzgin görünür, yuxusuz qalır, iştahı kəsilir, arıqlayır. Bu hallar zamanı uşaq nəinki pediatrda yoxlanmalıdır, həmçinin uşaq psixiatrına göstərilməlidir.
4.Məktəbdən şikayətlər gəlir, qiymətləri düşüb
Depressiya özü kifayət qədər enerji alan haldır, ona görə dərslərə güc yetmir. Diqqət yayınır, dərslərə güclə gedir, müəllimləri saymır, şikayətdən qorxmur. Vecsizləşir. Əslində pedaqoqlar elə sinifdəcə depressiyada olan uşağı asanlıqla təyin edə bilirlər, amma təəssüf ki, indi müəllimlər belə məsələlərə biganədir və çıxış yolunu valideynə şikayət etməkdə görürlər.
5.Depressiyanı vaxtında müalicə etmədikdə, nə baş verər?
•İlk növbədə intihar.  Yeniyetmə ölümlərinin birinci səbəbi depressiya və ondan yaranan psixi pozulmalardır.
•Əgər bu hal öz-özünə keçib getsə də, uşaq birtəhər özünə gəlsə də, sonrakı illərdə depressiv epizodlar artacaq və getdikcə dərinləşəcək
•Gələcəkdə şəxsi münasibətlərdə problemlər yaşayacaq. Valideynlərinə qarşı etibarı itəcək.
•Pis qruplara, vərdişlərə meyillənəcək
Siz uşağı depressiyadan müalicə etməsəz, onun yanında başqaları olacaq. Amma onlar ya cinayətkar, xuliqan qrupu, ya da narkomanlar olur.