Ötən il icbari tibbi sığorta çərçivəsində 8 milyondan çox tibbi xidmət göstərilib
Bakı, 19 yanvar, AZƏRTAC
İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə fəaliyyət göstərən Mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə Müalicə Diaqnostika mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim etdikləri ilkin hesabatlara əsasən 2020-ci il ərzində 1 147 834 nəfər sözügedən müəssisələrə ümumilikdə 4 170 432 dəfə müraciət edib. Dövlət agentliyindən AZƏRTAC-a bildirilib ki, bu müraciətlər üzrə 8 339 508 tibbi xidmət göstərilib. Beləliklə, sözügedən ərazilərdə rəsmi qeydiyyatda olan əhalinin 50 faizi tibb müəssisələrinə müraciət edərək xidmətlərdən yararlana bilib.
Ən çox müraciət olunan şəhər və rayonların beşliyi: Mingəçevir şəhəri (449 837), Xaçmaz (348 856), Ağdaş (328 756), Zaqatala (291 814) və Yevlax (275 779) rayonları.
Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (1 156 586), Xaçmaz (615 557), Ağdaş (512 834), Yevlax (512 451) və Şəki (510 891) rayon Mərkəzi xəstəxanalarıdır (523 632).
Müraciətlərin çoxu ümumi tibbi baxışla (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla) (503 381), habelə qan dövranı sistemi (210 201), tənəffüs sistemi (179 376), endokrin sistemi, maddələr mübadiləsi və qidalanma pozuntuları (171 622), sidik-cinsiyyət sistemi (148 907) və həzm sistemi (135 803) xəstəlikləri ilə bağlı olub.
İlkin hesablamalara görə 2020-ci il ərzində stasionarda cərrahi profil üzrə 255 538 sayda xidmət göstərilib. Bundan başqa 2176 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlarla bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib ki, bu şəxslərin 103 nəfərini uşaqlar təşkil edib. Sayca ürək və damar cərrahiyyəsi (1252), oftalmologiya (402), urologiya (207), neyrocərrahiyyə (179) və travmatologiya (80) üzrə əməliyyatlar çoxluq təşkil edir. Uşaqlar üzərində ürək və damar cərrahiyyəsi üzrə əməliyyatlarının sayı 68 olub. Tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.
Qeyd olunmalıdır ki, agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmiş tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə 13 tibbi ərazi bölməsi (TƏB) yaradılıb. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 TƏB-i və Sumqayıt TƏB-ə aid olan Xızı rayonunu əhatə edir. TƏB üzrə müraciət sayına gəldikdə, 2020-ci il ərzində ən çox Şəki-Zaqatala TƏB-ə müraciət edilib. Belə ki, Şəki-Zaqatala TƏB üzrə 1 345 727, Bərdə-Yevlax TƏB üzrə 1 054 372, Quba-Xaçmaz TƏB üzrə 729 871, Göyçay-Kürdəmir TƏB üzrə 623 978, Dağlıq Şirvan TƏB üzrə 403 146, Xızı rayonu üzrə isə 13 336 müraciət qeydə alınıb.
Məlumat üçün bildiririk ki, 2020-ci ilə dair dəqiqləşdirilmiş hesabat cari ilin mart ayının sonunda hazırlanacaq.
Xatırladaq ki, Agentlik tərəfindən icbari tibbi sığorta 1 yanvar 2020-ci il tarixindən etibarən 23 inzibati ərazidə – Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaşda tətbiq edilir. Qeyd olunan ərazilərdə ümumi əhali sayı 2 256 000 nəfər təşkil edir.