Ölkədə yeni doğulanların sayı kəskin azalıb, ölənlərin sayı artıb

2021-ci ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 92 150 doğulan körpə qeydə alınıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edir.

Doğulan körpələr arasında əkizlərin sayı 2 346 nəfər, üçəmlərin sayı 63 nəfər, dördəmlərin sayı isə 4 nəfər olub.

2021-ci ilin 10 ayında ölkə üzrə 62 151 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,4 təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış yeni doğulanların sayında 14 419 nəfər azalma, ölənlərin sayında isə 9 382 nəfər artım qeydə alınıb.