Neanotoloq: Vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin daimi nəzarəti altında olmalıdırlar
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neanotoloq Rüstəm Hüseynov vaxtından qabaq doğuşların səbəbləri, onların inkişaf xüsusiyyətləri və həmin körpələrə qulluq qaydaları ilə əlaqədar sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.
– Noyabrın 17-si Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günüdür. Rüstəm müəllim, həmin günün yaranma tarixini bilmək istərdik…
– Beynəlxalq gün 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə təsis edilib. Noyabrın 17-nin seçilməsi heç də təsadüfi deyil. Məsələ burasındadır ki, həmin gün yeni doğulmuş uşaqlara beynəlxalq qayğı fondunun banilərindən biri üçün xüsusi məna və əhəmiyyət daşıyır. 2006-cı ilin dekabrında vaxtından əvvəl doğulmuş üçəm körpələrin ölümündən sonra 2008-ci il noyabrın 17-də həmin ailədə sağlam qız doğulub.
Təəssüf ki, vaxtından əvvəl doğuşlar tibdə əsas problemlərdən biri olaraq qalır. Dünyada hər il 15 milyona yaxın uşaq vaxtından əvvəl doğulur və hər il bir milyon vaxtından əvvəl doğulan uşaq tələf olur. Bu, beş yaşadək uşaqlar arasında ölümün əsas səbəblərindən biri hesab olunur. Vaxtından əvvəl doğumlar müxtəlif ölkələrdə ümumi doğuşların 5-18 faizini təşkil edir. Maraqlı fakt odur ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə həmin göstərici artmaqda davam edir. Vaxtından əvvəl doğulmuşların qulluq və müalicəsində əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunsa da, təəssüf ki, vaxtından əvvəl doğumların sayında azalma müşahidə olunmur.
– Erkən doğulmaların səbəbi nədir?
-Vaxtından əvvəl doğulmanın əsas səbəbləri sırasında çoxdöllü hamiləlik, uşaqlığın və uşaqlıq boynunun anatomik problemləri, anada olan infeksiyalar, arterial hipertenziya və preeklampsiya, şəkərli diabet, genetik faktorları qeyd etmək lazımdır. Hazırda bir çox səbəblər uğurla korreksiya olunur və bu da vaxtından əvvəl doğuşla əlaqədar riskləri azaldır.
– Vaxtından əvvəl doğulan körpələrdə müşahidə edilən əsas xüsusiyyətlər hansılardır?
– Vaxtından əvvəl doğulan körpələrdə yuxu dövrü daha uzun olur. Əzələ tonusunun aşağı olması və anadangəlmə fizioloji reflekslərin zəif alınması müşahidə edilir. Dəri nazik, quru, qırışmış, çoxlu tüklə örtülü olur. Vaxtından əvvəl doğulan körpələrdə dərialtı piy təbəqəsi kifayət qədər inkişaf etmir, onlar termoləbildirlər, yəni daha çox hiper və hipotermiyadan əziyyət çəkirlər.
Kəllə sümükləri elastic olur, təkcə böyük deyil, həm də kiçik əmgək açıqdır. Qulaq seyvanları yumşaqdır – qığırdaq hələ tam formalaşmır, dırnaqlar barmaqların falanqlarının kənarına çatmır, göbək ciyəsi mərkəzdə deyil, bədənin ortasından aşağıda yerləşir. Göbək qalığı daha gec düşür, göbək yarası isə daha gec sağalır. Cinsiyyət orqanlarının tam inkişaf etməməsi əsas göstəricilərdən biridir. Fizioloji çəki itkisi də vaxtından əvvəl doğulmuş körpələrdə spesifik xüsusiyyətlərə malikdir. Yalnız həyatın 2-3-cü həftəsində bərpa olunur və kütlənin bərpası vaxtı birbaşa uşağın yetkinliyindən, yəni, yalnız onun doğum tarixindən deyil, həm də körpənin ətraf mühit şəraitinə uyğunlaşma dərəcəsindən asılıdır.
– Vaxtından əvvəl doğulan uşaqların retinopatiyasının inkişafında hansı faktorlar əsas rol oynayır?
– Prematürenin retinopatiyası (ROP) vaxtından əvvəl doğulmuş körpələrdə yarana bilən göz anomaliyasıdır. Bu, gözün arxasındakı torlu qişa adlanan toxumaya təsir edən problemdir. Torlu qişa işığı hiss edir və beyinə siqnal göndərir ki, görə bilərsiniz. Normalda retinanın (torlu qişa) qan damarları hamiləliyin dördüncü ayında inkişaf etməyə başlayır və tam doğuş vaxtında, yəni hamiləliyin 9 ayı ətrafında inkişafını bitirir. Vaxtından əvvəl doğulanlarda bəzi hallarda tor qişasında arzuolunmaz qan damarları böyüyür. Anormal qan damarları yanlış istiqamətdə böyüyə bilər. Bu da tor qişanın qopmasına səbəb ola bilər.
Körpələr hamiləliyin 30-cu həftəsindən əvvəl doğulsalar və ya doğum zamanı çəkisi təxminən 1500 qramdan az olarsa, ROP riski daha da yüksək olur. Müxtəlif risk faktorları ROP-un inkişafına kömək edir. Onlardan çox aşağı və ekstremal az doğum çəkisi, tənəffüs problemləri (tənəffüs problemlərini müalicə etmək üçün çox yüksək oksigen terapiyası alırlarsa), həmçinin hipoksiya, müxtəlif növ infeksiyalar, ürək qüsurları, anemiya, E vitaminin aşağı səviyyəsini qeyd etmək olar.
Körpə böyüdükcə bəzi hallarda ROP öz-özünə keçə bilər. Ancaq körpə həmin müddətdə mütəmadi olaraq mütləq oftalmoloq nəzarətində olmalıdır. Bəzən korluğun qarşısını almaq üçün təcili müalicə və müdaxilə tələb olunur. Əgər vaxtında müalicə olunmazsa, uşaqda ciddi geriyədönməz fəsadlar baş verə bilər, hətta görmə qabiliyyətini tam itirə bilər.
– Vaxtından əvvəl doğulan uşaqlarda ən çox rast gəlinən hal nədir?
– Vaxtından əvvəl doğulmuş körpələrdə fəsadların əksəriyyəti orqan və sistemlərin yetkinsizliyi ilə əlaqədardır. Ağırlaşmaların yaranma riski vaxtından əvvəl doğulmanın dərəcəsi və vaxtından əvvəl doğulmanın səbəbi – infeksiyalar, şəkərli diabet, arterial hipertenziya, preklampsiya və s. ilə birbaşa bağlıdır.
Vaxtından əvvəl doğulanlar arasında əsas problemlərdən biri tənəffüs sistemi ilə bağlıdır. Həmin körpələrdə ağciyərlərin yetkinsiz olması – surfaktantın çatışmazlığı, eyni zamanda beyində tənəffüsü tənzimləyən sinir mərkəzlərinin tam formalaşmaması nəticəsində yaranan hallardır. Yetkinsizlik dərin olduqca tənəffüsün ləngiməsi, hətta tənəffüs dayanması halları da qeyd oluna bilər. İmmun sistemi tam formalaşmadığı üçün infeksiyalaşma riski yüksəkdir. Bununla bağlı septiki hallar ölüm səbəbləri arasında əsas yerlərdən birini tutur.
Sinir sisteminin yetkinsizliyi, anatomik quruluşu və qan dövranının xüsusiyyətləri vaxtından əvvəl doğulmuş körpələrdə beyinə qansızmalara meyillilik yaradır, işemik proseslərə səbəb olur. Bu da sonradan ağır formalarda uşaq serebral iflicinə səbəb ola bilər. Bundan əlavə, ürək-damar hemodinamikanın xüsusiyyətlərini, mədə-bağırsaq sisteminin, qaraciyərin, sidik ifrazat sistemi orqanlarının yetkinsizliyi ilə bağlı problemləri də qeyd etmək lazımdır. Gələcək fəsadlardan görmə və eşitmə ilə bağlı pozulmaların ola biləcəyi nəzərə alınmalıdır.
– Ev şəraitində vaxtından əvvəl doğulan körpələrə necə qulluq edilməlidir?
– Vaxtından əvvəl doğulan uşaqlar stasionardan evə yazılarkən artıq digər uşaqlar kimi adi qulluq və qayğı tələb edirlər. Lakin onların bəzi özəlliklərini qeyd etmək lazımdır. Onlar termoləbildilər, ətraf mühitin temperaturuna, körpənin geyiminə diqqət etmək lazımdır. Onların gün ərzində qidalanma sayı daha çox ola bilər. Qusma, qaytarma halları tez-tez müşahidə olunur, çəki artımına ciddi nəzarət tələb edilir. Yumşaq materialları, yun adyalları, balışları, oyuncaqları uşağın çarpayısından götürmək tövsiyə olunur. Belə ki, həmin əşyalar yenidoğulanın “qəfləti ölüm sindromu” riskini artırır. Körpə arxası üstə yatmalıdır, üzü üstə yatırmaq təhlükəlidir.
Valideynlər hər hansı bir narahatlıq, hərarətin qeyri-stabil olması, qidalanma və ifrazatda pozulmalar müşahidə edərsə, dərhal həkimə müraciət etməlidirlər. Bundan başqa, vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin – nevroloq, oftalmoloq, audioloq, psixoloq, endakrinoloq və ortopedin daimi nəzarəti altında olmalıdırlar.