Nazirlik rəsmisi: "Tibb işçilərinin bölgələrə göndərilməsi üçün təkliflər hazırlanır"

“Çalışırıq ki, rezidenturada qəbul yerlərinin sayı baza tibb təhsili alanların sayına bərabərləşdirilsin”.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
O bildirib ki, bütün baza tibb təhsili alan məzunlar rezidentura təhsili almalıdırlar, bu onların haqqıdır:
“Bölgələrdə həkim çatışmazlıqları ilə bağlı məsələyə gəldikdə isə burada əsas problem coğrafi paylanmadır. Yerlərdə tibb işçilərinin sayından çox paylanmasında problem var. Bununla bağlı yeni layihə hazırlanır. Çalışmanın son həddi ilə əlaqədar qanunvericiliyə görə peşəkarlıq nəzərə alınmaqla bir il müddətinə uzadılması ehtiyac olduğu halda, xüsusilə kadr çatışmazlığı olan yerlərdə həyata keçirilir. Tibb işçiləri əsasən Bakıda toplaşıblar. Onların bölgələrə göndərilməsi üçün təkliflər hazırlanır. Bununla bağlı təkliflər irəli sürüləcək”.
Nazirlik rəsmisi əlavə edib ki, sertifikasiya imtahanlarında da dəyişiklik nəzərdə tutulur:
“Suallar asan, orta və mürəkkəb olacaq. Elmi və tədris tədbirlərinin akkreditasiyasını Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası həyata keçirəcək. Bundan başqa, Davamlı Peşəkar İnkişaf (DPİ) tədbirlərinin akkreditasiyası və bunun kredit ekvivalentləri, tələblər nazirlik tərəfindən hazırlanacaq. DPİ çoxəhatəlidir. Bunlar imkan verir ki, tibb mütəxəssisi müxtəlif tədbirlərə getməklə kredit ballarını artırsın. Məsələn, elmi fəaliyyətlə məşğul olan şəxsin kredit balları daha çox olacaq. Özəl və dövlət sektorunda çalışan tibb mütəxəssisləri ilə bağlı ayrı-seçkilik olmayacaq. Çalışırıq ki, son illər rezidenturada qəbul yerlərinin əsas tibb təhsili bitirənlərin sayına uyğunlaşdırılsın”.
Mərahim Nəsib