Nazirlik: On yaşa qədər uşaqlar qızılca peyvəndinin hər iki dozasını almalıdırlar

Bakı, 5 dekabr, AZƏRTAC

Səhiyyə Nazirliyi Azərbaycanda 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyasına dair məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, cari ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur.

Məlumatda deyilir: “Son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.

Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.

Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.

Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.

Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.

Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur”.