Müxtəlif ürək anomaliyaları olan 4 yaşında uşaq üzərində əməliyyat aparılıb
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ürək problemləri olan 4 yaşında uşaq üzərində ağır ürək əməliyyatı həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, əməliyyatı icra edən klinikanın kardioloqu Ramal Hüseynovun universitetin mətbuat xidmətinə verdiyi məlumata görə, Fallo pentadası beş müxtəlif ürək anomaliyasının birlikdə rast gəlinməsi ilə meydana çıxan mürəkkəb anadangəlmə ürək qüsurudur: “Xəstəlik uşaqlarda tez yorulma, təngnəfəslik və göyərmə ilə özünü göstərir, çox vaxt qəfildən ciddi göyərmə tutmaları olur. Həmin tutmalar əsasən huş itirmə, bəzən isə ölümlə nəticələnə bilir və xəstəliyinin təzahürləri sağ mədəcikdən ağciyərlərə çirkli qanı daşıyan damardakı darlığın dərəcəsindən asılıdır”.
Kardioloq daha sonra deyib: ”Fallo pentadasının birdəfəlik tam müalicəsi total korreksiya əməliyyatıdır və ağciyər arteriyaları kifayət qədər yaxşı inkişaf etmiş xəstələrdə ilk və tək əməliyyat olaraq aparılır. Xəstə isə 14 kiloqram çəkisi olan 4 yaşında oğlan uşağı idi. O, hətta 15-20 metr məsafə qət edərkən də yorulurdu. Normal vəziyyətdə uşaqda göyərmə qeyd edilirdi. Oksigenlə təchizat lazımi səviyyədə deyildi, ağciyər damarları kifayət qədər yaxşı inkişaf etməmişdi. Lakin bütün bunlara baxmayaraq uşağı əməliyyat etmək məcburiyyətində qaldıq. Xəstə üzərində çox ağır və mürəkkəb ürək əməliyyatı aparıldı. Əməliyyatdan sonra qan dövranı normal hala gəldi və göyərmə aradan qalxdı”.
Klinikadan verilən məlumata görə, əməliyyatdan sonra xəstə özünü tamamilə normal hiss edib.