Mütəxəssis: Vərəm mikobakteriyasını hava-damcı yolu ilə qəbul edən uşaqlar vərəmə yoluxa bilərlər

Bakı, 22 oktyabr, AZƏRTAC

Vərəm mikobakteriyasını (Mycobacterium tuberculosis) hava-damcı yolu ilə qəbul edən uşaqlar vərəmə yoluxa bilərlər. Onların xəstə böyüklə eyni evdə, otaqda uzunmüddətli təması risk faktorudur. Uşaqlarda infeksiya orqanizmə düşdükdə, immun sistemi hələ tam formalaşmadığı üçün bakteriya tez aktivləşir və yayılmış forma yarada bilər.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirib.

O deyib ki, 5 yaşadək olan uşaqların vərəmə yoluxması daha risklidir. Çünki bu yaşda immun sistemi tam formalaşmır, bakteriya isə tez yayılır. “5-10 yaş aralığında olan uşaqların vərəmə yoluxması isə orta risk hesab olunur. Bu yaşda yoluxma ola bilər, amma xəstəliyin aktiv formaya keçmə ehtimalı azdır. 11-18 yaş səviyyəsi isə yüksək risk sayılır. Hormonal dəyişikliklər və immun sistemin qeyri-sabitliyi səbəbindən bu yaş aralığında latent vərəm (yoluxma) aktivləşə bilər. Yəni ən təhlükəli dövr 5 yaşadək uşaqlardır, xüsusilə 1–3 yaş arası olanlar. Bu yaşda vərəm mənşəli meningit və ya generalizə olunmuş vərəm formaları yarana bilər. Buna görə də uşaqlara xüsusi diqqət olunmalıdır”.

Direktor vurğulayıb ki, valideynlər uşaqlarda vərəmin əlamətləri barədə məlumatlı olmalıdırlar: “Uşaqlarda simptomlar çox vaxt tipik deyil, buna görə xəstəliyin gizli getməsi mümkündür. Uzun müddət davam edən, sönük öskürək (bəzən quru), qızdırma (37–38°C), gecə tərləməsi, arıqlama və iştahasızlıq, zəiflik, halsızlıq, limfa düyünlərinin böyüməsi (boyun, qoltuqaltı, qasıq nahiyəsində), kiçik uşaqlarda inkişafdan qalma, səbəbsiz ağlama və narahatlıq həyəcan siqnalıdır”.

İradə Axundova, həmçinin uşaqları vərəm xəstəliyindən qorumaq üçün ən əsas profilaktik tədbirlər barədə məlumat verib: “BCG peyvəndi doğuşdan sonra ilk 3 gün ərzində vurulmalıdır. Əks göstəriş olduğu halda uşağın 1 yaşına qədər vurula bilər. Bu peyvənd uşaqları ağır vərəm formalarından qoruyur. Vərəmli şəxslə təmasda olan uşaqların mütləq yoxlanılması vacibdir. Onlara mantu və ya diaskin test, eləcə də flüoroqrafiya /rentgen (yaşdan asılı olaraq) aparılır. Əgər uşaq yoluxub, amma xəstələnməyibsə (latent vərəm infeksiyası), həkim tərəfindən profilaktik müalicə təyin edilir. Eyni zamanda, düzgün qidalanma və immunitetin gücləndirilməsi, zülal, vitaminlər, təmiz hava, fiziki aktivlik vacib məqamlardan biridir”.

Mütəxəssisin sözlərinə görə, əgər vərəm hamiləlik dövründə baş veribsə və vaxtında müalicə olunarsa, adətən, uşağın sağlamlığı da ciddi təhlükə yaratmır. Əksinə, müalicə gecikərsə, ana zəifləyir, oksigen çatışmazlığı və qidalanma problemi səbəbindən dölün inkişafı geriləyə bilər, erkən doğuş və ya az çəkili körpə riski artırır. Burada əsas məsələ müalicənin mütəxəssis nəzarəti altında və təhlükəsiz preparatlarla aparılmasıdır, çünki bəzi dərmanlar hamiləlikdə istifadə olunmur, digərləri isə xüsusi nəzarətlə təyin edilir.

İnstitutun direktoru diqqətə çatdırıb ki, körpə vərəmli anadan doğulsa belə, əgər ana vaxtında müalicə alırsa və yoluxucu fazadadırsa, uşaq izolyasiya və profilaktik müalicə altında qoruna bilir: “Bu zaman körpənin müvafiq müşahidəsi və BCG peyvəndi çox vacibdir. Peyvənd, adətən, doğuşdan bir neçə həftə sonra, həkimin qərarına əsasən vurulur. Qeyd edim ki, vərəm ana südü ilə keçmir. Ancaq ana açıq (yoluxucu) vərəm forması daşıyırsa, öskürək və hava-damcı yolu ilə uşağı yoluxdura bilər. Bu halda ana südvermə zamanı maskadan istifadə etməlidir. Bəzi hallarda isə həkimlər müvəqqəti süni qidalanma məsləhət görə bilər”.