Mütəxəssis: Uşaqlarda ağız qoxusunun əsas səbəbi şəkərli qidaların həddindən artıq qəbuludur

Bakı, 5 iyul, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov uşaqlarda ağız qoxusunun əsas səbəbləri, mədə xəstəlikləri, yay aylarında qidalanma zamanı diqqət edilməli olan amillər, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslərin Qurban bayramında qəbul etməli olduğu qidalarla bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

– Emin müəllim, hansı hallarda insanlar mədə xəstəliklərindən şübhələnməlidir?

– Mədə xəstəlikləri istənilən yaşda, hətta ciddi pəhriz saxlanılsa belə rast gəlinə biləcək bir problemdir. Çünki bizdən asılı olan və olmayan səbəblər çoxdur.

Mədə xəstəliyi insanda əsasən köp, mədədə yanma hissi, həzmsizlik ilə müşahidə olunur. Bəzi əlamətlər var ki, çox diqqətli olmaq lazımdır. 40 yaşdan yuxarı şəxslərin mədəsində köp, ağrı, ürəkbulanma uzun zaman davam etdiyi təqdirdə həkimə müraciət olunmadan dərman vasitələrini qəbul etmək doğru deyil. İştahasızlıq, çəki itirmə, ürəkbulanma mədə xərçənginin ilkin əlamətləri ola bilər.

Bir insan qanazlığından daim əziyyət çəkirsə, mütləq mədə yoxlanılmalıdır, çünki dəmirin sorulma prosesi məhz mədədən başlayır.

– Stres, əsəb mədə-bağırsaq xəstəliklərinə necə təsir edir?

– Gündəlik müraciət edən xəstələrin demək olar ki, 50 faizdən çoxu məhz stres-əsəb pozuntularına bağlı olan şikayətli xəstələrdir. Stres həzm sisteminə birbaşa təsir göstərir. Hətta bunun öyrənilməsi məqsədilə neyroqastroenterologiya adlı yeni elm sahəsi yaranıb. Güclü stresdən hətta mədə xorası yarana bilər.

Xüsusi ilə pandemiyadan sonra bu nevroloji vəziyyətlə əlaqəli mədə-bağırsaq şikayətli müraciətlər ciddi artıb.

Streslə bağlı bağırsaq xəstəlik olan qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanların əksəriyyətində qəbizlik, ishal və ya hər ikisi birgə müşahidə olunur. Aparılan son elmi tədqiqatlar sübut edib ki, mədə-bağırsaqlarda yerləşən milyardlarla mikroblar bizim nevroloji vəziyyətimizə və hətta davranışlarımıza təsir edə bilər.

– Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər yay aylarında qidalanma zamanı nəyə diqqət etməlidir?

– Bu xəstəliklərdən əziyyət çəkən insanların qidalanmasında bəzi vacib məqamları qeyd etmək istərdim. Məlumdur ki, yay fəslində mədə bağırsaq infeksiyaları və qida zəhərlənmələri artır. Xüsusilə mədə turşuluğunu azaldan dərmanlar qəbul edən şəxslərə dərman dozalarını azaltmağı tövsiyə edirəm. Çünki mədə turşuluğu bizi ətrafdan zərərli mikrob və maddələrin orqanizmə daxil olmasının qarşısını alır.

Bundan başqa, reflüks və ishaldan əziyyət çəkən insanlara süd, kofeinli və energetik içkilərdən imtina etmələrini məsləhət görürük.

Ən çox zərərli vərdişlərdən biri də sarımsaq udmaqdır. Sarımsaq çox güclü aşındırıcı bir qida olaraq onikibarmaq bağırsağın qanamasına və kəskin reaktiv qastritə səbəb ola bilər.

– Ağız boşluğunda xoşagəlməz qoxular mədədə hansısa problemin olmasına işarədir?

– Tibbi adı Halitosis olan ağız qoxusu, ilk növbədə, ağız boşluğu gigiyenasından başlayaraq, mədənin xəstəliklərinə qədər bir çox səbəbləri ola bilər.

Uşaqlarda ağız qoxusunun əsas səbəbi şəkərli qidaların həddindən artıq qəbuludur.

– Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən insanlar Qurban bayramında qidalanma zamanı nəyə diqqət etməlidir?

– Qurban bayramında qidalanma zamanı bəzi vacib məqamlara diqqət etmək lazımdır. Bayram günlərində qızardılmış ət və ət məhsullarının çox istifadəsi qastrit, xora xəstəliyinin daha da kəskinləşməsinə şərait yarada bilər. Mədəaltı vəz və öd daşı xəstəliklərindən əziyyət çəkən şəxslərdə Qurban bayramında çox vaxt kəskin ağrılar müşahidə oluna bilər.

Yağlı ət məhsulları və soyuq içkilərin birgə qəbulu zamanı ishal, kəskin qarın ağrıları, ürəkbulanma və qusma hallarına tez-tez rast gəlinir. Bu da həzm sisteminə ciddi şəkildə mənfi təsir göstərir. Bundan əlavə, hazırlanan qidalar düzgün saxlanılmadıqda və boyat olduqda, xüsusi ilə yay aylarında, onlardan istifadə edildikdə kəskin qastroduodenit, yəni, qusma və ishal baş verə bilər.

Yay aylarında və bayram günlərində vətəndaşlara tərəvəzlərlə zəngin qidalanmağı və çətin həzm olunan ət yeməklərini azaltmağı tövsiyə edirəm.