Mütəxəssis: Son zamanlar ani ölümlərin əksəriyyəti tromblarla əlaqəlidir
Bakı, 30 may, AZƏRTAC
Son zamanlar ani ölümlərin əksəriyyəti tromblarla əlaqəlidir. Qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması tromboz, bu zaman əmələ gələn qan laxtası isə tromb adlanır.
AZƏRTAC xəbər verir ki, bunu Liv Bona Dea Hospitalının ürək-damar cərrahı Cabir Gülmalıyev deyib. Onun sözlərinə görə, trombun yaranma səbəbi təkcə damar zədəsi deyil, eyni zamanda qanın laxtalanma sürətinin artması, qan dövranında durğunluq ilə bağlı ola bilər: “Problemin yaranmasında əsas səbəblərdən biri də ürək damarlarının tutulmasıdır. Bu zaman damarların qidalandırdığı nahiyələr qansız qalır, yığılmır və yığılmayan yerdə tromb yaranır. Digər səbəb səyrici aritmiyadır. Onun nəticəsində qulaqcıqlarda tromb yaranır”, – deyə cərrah bildirib.
Cabir Gülmalıyev tromb riskinin yüksək olduğu qrupları açıqlayıb: “Artıq çəkili və piylənməsi olan şəxslər, uzun müddət hərəkətsiz və ya yataq rejimində olanlar, sağlam həyat tərzi keçirməyənlər, uzun müddət hormon əvəzedici terapiya və ya doğuşa nəzarət həbləri qəbul edənlər, ortopedik, travmatoloji cərrahiyyə əməliyyatı keçirən insanlar, xərçəng xəstələrində, irsi və ya qazanılmış qanın laxtalanma problemi olan şəxslərdə trombun yaranması mümkündür”.