Mütəxəssis: Körpələrdə orqanizmin susuzlaşmasının nəticələri ağır ola bilər

Bakı, 30 mart, AZƏRTAC

Ağır ishal və qusma zamanı körpələr xeyli miqdarda su, eyni zamanda mineral duzları itirir. Bu hal isə orqanizmin susuzlaşması adlanır. Uşaqda bədənin qısa müddət ərzində güclü susuzlaşmasının nəticələri olduqca ağır ola bilər.

AZƏRTAC xəbər verir ki, bunu pediatr Xəyalə Əliyeva deyib. O, valideynləri bu məsələ ilə bağlı diqqətli olmağa çağırıb: “Unutmayın ki, uşaq nə qədər kiçik olarsa, onun orqanizmi su və mineral duzların itirilməsinə qarşı daha həssas şəkildə reaksiya verir, vəziyyəti daha ağır olur”.

Pediatrın sözlərinə görə, körpələrdə ishal və qusma halları çox vaxt kəskin bağırsaq infeksiyasının əlamətidir. Bağırsaq infeksiyası zamanı üşütmə, soyuq tər, hərarətin xeyli yüksəlməsi və hətta qıcolmalar da müşahidə edilə bilər. Belə halda dərhal mütəxəssisə müraciət etmək lazımdır.

X.Əliyeva qeyd edib ki, həkim gələnə qədər heç bir halda uşağa ishala və qusmaya qarşı dərman vermək olmaz. Çünki orqanizmə daxil olan zəhərlər və toksinlər qusma və ishal zamanı bədəndən xaric olur. Eyni zamanda uşağa ağrıkəsici vermək, onu yedizdirmək də olmaz. Yorğunluq, ağız boşluğunun, dərinin quruması, ishal və qusma orqanizmin susuzlaşmasının əlamətləridir.