Mütəxəssis-ekspert: Üç aya qədər uşaqlar qızılca ilə xəstələnmirlər

Bakı, 18 dekabr, AZƏRTAC

Qızılca – kəskin infeksion virus mənşəli xəstəlikdir, temperaturun artması, intoksikasiya, yuxarı tənəffüs yollarının və gözün selikli qişasının zədələnəməsi və ləkəli-papulyoz səpkilərlə səciyyələnir. Həmin xəstəliyə yalnız insanlarda rast gəlinir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəlibova deyib.

Qızılcanın istənilən yaşda müşahidə edildiyini bildirən mütəxəssis, xəstəliyin 1 yaşdan 5 yaşa qədər uşaqlar arasında daha çox rast gəlindiyini, 6 aya qədər uşaqların isə qızılca ilə nadir hallarda xəstələndiyini qeyd edib. Üç aya qədər uşaqlar isə bir qayda olaraq xəstələnmirlər ki, bu da anadan ötürülən passiv immunitetin sayəsindədir.

Onun sözlərinə görə, xəstə insandan yoluxma səpkilərin əmələ gəlməsindən 4-5 gün əvvəl və səpkinin yaranmasından 5 gün sonra baş verə bilər.

“Digər infeksiyalarda olduğu kimi, qızılca xəstəliyinin də diaqnozu laborator müayinələrin aparılması nəticəsində təsdiqlənir. Xəstəliyin törədicisi virus olduğu üçün onun diaqnostikası virusun spesifik zülal tərkibli hissəsinin, yəni antigenin aşkarlanması ilə (seroloji üsul) və ya polimeraz zəncirvari reaksiya vasitəsilə virusun genetik materialının aşkarlanması ilə aparılır.

Qızılca xəstəliyi ilə mübarizədə ən effektiv vasitə peyvənddir. Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən gətirilən 3 komponentli vaksin istifadə olunur. Həmin vaksin qızılca, parotit və məxmərək xəstəlikləri ilə mübarizədə effektivdir”, – deyə mütəxəssis diqqətə çatdırıb.