Musa Quliyev: “Səhiyyə Nazirliyi ləğv olunmayacaq”
Deputat bildirib ki, maliyyələşmə İcbari Tibbi Sığorta Agentliyi tərəfindən həyata keçirilirsə, idarəetmənin daha optimal və operativ həyata keçirilməsi, məsuliyyətin və cabadehliyin bir təşkilatda birləşdirilməsi məqsədilə səhiyyə müəssisələrinin TƏBİB-ə verilməsi doğru addımdır.
M.Quliyev Səhiyyə Nazirliyinin ləğv olunacağı barədə iddialara da münasibət bildirib. Deputatın sözlərinə görə, nazirliyin ləvği məsələsi gündəmdə deyil: “Dünyanın bir çox ölkələrində Səhiyyə Nazirliyi yalnız siyasəti həyata keçirməklə məşğuldur. Təşkilati işlər, idarəetmə işləri ancaq yerli səviyyələrdə – müəyyən ölkələrdə qubernatorluq, müəyyən ölkələrdə regional qurumlar, səhiyyə idarələri səviyyəsində həyata keçirilir. Səhiyyə Nazirliyinin kifayət qədər işləri və səlahiyyətləri qalmaqdadır. Birinci növbədə xeyli sayda müəssisə Səhiyyə Nazirliyinin tərkibində qalır. Dövlət proqramları, ictimai-sosial əhəmiyyətli xəstəliklərin maliyyələşməsi, müalicəsi və o sistemin idarə olunması Səhiyyə Nazirliyində qalır. Səhiyyənin ümumi məsələlərinin həlli, ölkədə səhiyyə siyasətinin işlənib hazırlanması, ümumi nəzarətin həyata keçirilməsi, beynəlxalq normaların Azərbaycana tətbiq olunması, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun protokolların hazırlanması, mütəxəssis hazırlanması və s. məsələlər Səhiyyə Nazirliyinin tabeliyində olacaq”.
Deputat hesab edir ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi yaxından, sıx əlaqəli şəkildə fəaliyyət göstərsələr, icbari tibbi sığortaya keçid daha rahat və daha tez həyata keçirilə blər.
“Yaxın gələcəkdə icbari tibbi sığorta sisteminə reseptləri təqdim etməklə pulsuz dərman alınması imkanını əldə edəcəyik. Sığorta sisteminə daxil olan xəstələrin müalicəsində dərmanların apteklərdən pulsuz alınması imkanı olacaq. Bu gələcəyin işidir. Yavaş-yavaş icbari tibbi sığorta fonduna vəsait daxil olduqca bu da tətbiq ediləcək”.
Aytən Zəhra
Azvision.az