“Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda maarifləndirici mühazirə təşkil edilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda maarifləndirici mühazirə təşkil edilib. Mühazirə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib.
Bu barədə AZƏRTAC-a İctimai Səhiyyə İslahatlar Mərkəzindən bildiriblər.
Mərkəzin psixoloqu Nərmin Mirzəyeva mövzu ilə bağlı ətraflı məlumat verərək bildirib ki, müəllimlərin şagirdlərlə düzgün və mehriban təması gənc nəslin sağlam inkişafına mühüm təsir göstərir. O, şagirdlərin şəxsiyyət kimi yetişməsində, onların təlimə marağının yüksəlməsində müəllimlərin böyük rolu olduğunu, böyüməkdə olan nəslin düzgün tərbiyəsinin məhz tədris müəssisələrində formalaşdığını diqqətə çatdırıb. Xüsusən yeniyetməlik dövründə şagirdlərlə düzgün pedaqoji münasibətin qurulmasının vacibliyini qeyd edən mütəxəssis bildirib ki, insan hüquqları ölkəmizdə xüsusi qayğı ilə qorunur və məktəblilərə qarşı hər hansı kobud davranışa, zorakılıq hallarına yol verən müəllimlər inzibati, eyni zamanda cinayət məsuliyyətinə cəlb olunurlar.
Mühazirədən sonra tələbələrlə səmərəli fikir mübadiləsi aparılıb və auditoriyanı maraqlandıran suallara cavablar verilib.