Miokard infarktı və insultla bağlı müraciətlərin sayında artım qeydə alınıb

Bakı, 30 iyul, AZƏRTAC

Altı ay ərzində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 365 min 442-dən artıq ümumi müraciət daxil olub. Bu da keçən illə müqayisədə 29 min 182 nəfər çoxdur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciət edənlərdən 33 min 113-ü xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün çağırışların sayı 435 min 210, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 56 min 741-dən artıq olub. Bu çağırışlar stansiyanın bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunub.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətdə olan 1841 nəfərdən çox xəstənin həyatı xilas edilib. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 77 min 923, hospitalizasiya 6688, miokard infarktı ilə müraciətlərin sayı 526, hospitalizasiya 496, insultla müraciətlərin sayı 1963, hospitalizasiya isə 1709 olub. Keçən ilin 6 ayı ilə müqayisədə miokard infarktı və insultla bağlı müraciətlərin sayında artım qeydə alınıb.

Doğuşla bağlı müraciətlərin sayı 2680, hospitalizasiya 2612, tibb müəssisəsindən kənar doğuşların sayı 21 olub ki, hamısı hospitalizasiya edilib. Beləliklə, tibb müəssisəsindən kənar doğuşların sayında 36 nəfər azalma qeydə alınıb. Hospitalizasiyadan imtina edilən hər bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilib, ünvana polis əməkdaşları dəvət olunub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 17 min 314 olub, onlardan 1374-ü hospitalizasiya edilib. Ümumi müraciətlərin içində 11 min 933-ü bədbəxt hadisələrı görə olub. Müraciət edənlərin 8335-i hospitalizasiya olunub. Zədələnmələrin ümumi sayı 10 min 570-ə, hospitalizasiyaların sayı isə 6164-ə bərabər olub. Statistik rəqəmlərə əsasən, ilin birinci yarısında stansiyaya nəqliyyat hadisəsi səbəbindən 1122 müraciət daxil olub. Bu hadisələr nəticəsində 983 nəfər hospitalizasiya edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma qeydə alınıb. Belə ki, ötən ilin 6 ayı ərzində baş verən 1179 nəqliyyat hadisəsi nəticəsində 1037 nəfər hospitalizasiya olunub.

Pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilib. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyilə uzaq rayonlardan gətirilən 15 nəfər və paytaxtın doğum evlərində anadan olmuş azçəkili və ya ağır qüsurlarla doğulmuş körpələrin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiyası icra edilib.

Təcili tibbi yardıma ehtiyacı olan, yaşayış yeri məlum olmayan 226 nəfərə ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib. Stansiyanın təcili yardım briqadaları poliklinikalar tərəfindən laborator müayinələrin aparılması üçün götürülən materialların daşınmasında yaxından iştirak edir. Belə ki, altı ay ərzində 3059-a yaxın laborator daşınma icra edilib. Stansiya tərəfindən sənədləşmə işləri təkmilləşdirilmiş formada aparılır. Belə ki, təcili tibbi yardımın müasir tələblərə cavab verən, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədilə yeni “Çağırış vərəqi” forması, yenidoğulmuş və körpələrin bir tibb müəssisəsindən digərinə daşınması zamanı tərtib edilən “Neonatal daşınma vərəqi”, “Gündəlik iş vərəqi” formasından istifadə edilir. Onların elektron variantı da hazırlanır.

Stansiyanın 21 bölməsinin hamısına internet xətti çəkilib və kameralar quraşdırılaraq rəhbərlik, həmçinin əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən bölmələrin işinə nəzarət gücləndirilib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əlavə hazırlıq keçmiş həkim və orta tibb işçiləri ölkəmizdə keçirilən bir çox tədbirlər zamanı zəruri hallarda iştirakçılara və şəhərimizə gələn qonaqlara ilkin tibbi yardım göstərməklə yaxından iştirak ediblər.