Milli Onkologiya Mərkəzi növbəti maarifləndirmə aksiyası keçirib
Hər il fevral ayında Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü və Ümumdünya Xərçəngə qarşı Mübarizə Günü qeyd edilir. Bu dəfə həmin mövzulara həsr edilmiş maarifləndirmə aksiyası Bakıdakı “Gənclik Mall” ticarət mərkəzində keçirilib.
Tədbirin təşkilatçısı Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzidir.
Milli Onkologiya Mərkəzinin (MOM) Uşaq Onkoloji Klinikasının şöbə müdiri, ali ixtisas kateqoriyalı onkoloq-cərrah, tibb elmləri doktoru Reyman İsmayılzadə AZƏRTAC-a eksklüziv müsahibəsində qeyd edib ki, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların problemləri təkcə onların valideynlərinin problemləri deyil. Bunlar bütün səhiyyənin, dövlət və qeyri–dövlət qurumlarının, bütün cəmiyyətin problemləridir. Uşaqlarda rast gəlinən onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1.5 faizini təşkil edir və onlar böyüklərdə rast gələn onkoloji xəstəliklərdən çox fərqlidir. Uşaqlarda leykemiya, mərkəzi sinir sisteminin şişləri və limfomalar daha tez-tez rast gəlir. Böyüklərdə təsadüf edilən xərçəng xəstəlikləri (mədə-bağırsaq, ağciyər, süd vəzisi və s.) uşaqlarda nadir hallarda rast gəlinir. Müasir müalicə metodları Uşaq Onkologiyasında daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür.
Şöbə müdiri onu da qeyd edib ki, 2012-ci ildə Milli Onkologiya Mərkəzinin nəzdində respublikada ilk dəfə olaraq Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Bu müasir, ixtisaslaşmış, yüksək texnologiyalı və çox mühüm müalicə ocağının yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevin böyük əməyi vardır.
“Regional inkişaf” ictimai birliyinin könüllülərinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələrinin iştirak etdiyi aksiya zamanı ictimaiyyətə xərçəng xəstəliyi, onun profilaktikası, diaqnostikası və müalicəsi barədə məlumat verilib, müxtəlif maarifləndirici nəşrlər paylanılıb. Eyni zamanda təcrübəli onkoloqlar vətəndaşların bu sahədə suallarını cavablandıraraq tövsiyələr veriblər. Aksiyanın əsas məqsədi əhalinin məlumatladırmaqla bərabər, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların və onların valideynlərinin problemlərinə diqqəti cəlb etməkdir.
Hazırda MOM-un uşaq klinikası bütün regionda aparıcı müəssisə sayılır. Klinikada kompleks müalicənin bütün növləri yüksək səviyyədə həyata keçirilir.