Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Gədəbəydə humanitar aksiyalar keçirəcək
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır və bu da Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. Mərkəz davamlı olaraq respublikanın müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir. Bu dəfə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının növbəti humanitar aksiyası iyulun 12-dən 14-dək Gədəbəy rayonunda olacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iyulun 12-13-də Gədəbəy sakinləri müayinə ediləcək, 14-də isə cərrahi əməliyyatlar aparılacaq.
Mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, professor Elmar Qasımov bildirib ki, əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Onun sözlərinə görə, Mərkəzin səyyar klinikası ən son texnoloji avadanlıqla təchiz olunub. Səyyar xidmətdə həkim-oftalmoloqlar, anestezioloqlar, rezident-həkimlər, tibb bacıları və texniki heyətdən ibarət geniş səyyar briqada iştirak edir.
Xatırladaq ki, 2005-ci ildən bu günə kimi səyyar klinika respublikanın rayon və şəhərlərində onlarla tibbi aksiya keçirib.