Milli Oftalmologiya Mərkəzi Sumqayıtda aksiya keçirib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birgə humanitar aksiya keçirib.

Trend-in məlumatına görə, tədbir çərçivəsində Sumqayıtda dövlət müəssisələrində çalışan 200-ə yaxın əməkdaş tibbi müayinədən keçib.

Şəhər Səhiyyə Şöbəsinin inzibati binasının qarşısında Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının həkim briqadasının həyata keçirdiyi humanitar aksiyada şəhərdə fəaliyyət göstərən dövlət müəssisələri, hüquq mühafizə orqanları, ədliyyə və məhkəmə sistemində çalışanlar iştirak edib. Səyyar klinikaya müraciət edənlərin ilkin tibbi müayinəsi müasir diaqnostik avadanlıqlar vasitəsi ilə aparılıb.

Bəzi xəstələr daha dərin müayinə və müalicə üçün Milli Oftalmologiya Mərkəzinə göndərilib. Milli Oftalmologiya Mərkəzinin tibbi avadanlıqlarla təchiz olunmuş səyyar Mobil Diaqnostika Kompleksində aparılan müayinə tədbirləri günün sonuna kimi davam edib. Şəhər sakinləri də oftalmoloji müayinə aksiyasından yararlanıblar.

 

Trend