Milli Oftalmologiya Mərkəzi aksiya keçirir
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi daha bir aksiya keçirir
Əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 99 il ötür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin növbəti oftalmoloji aksiyası noyabrın 20-də Ədliyyə Nazirliyində keçiriləcək. Tədbir 22 noyabr-ədliyyə işçilərinin peşə bayramı münasibətilə təşkil ediləcək.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, bu gün hər il ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur. Ulu öndər Heydər Əliyevin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni nailiyyətlərə imza atır.
Ölkə başçısının sosial siyasətinin əsas diqqət yetirdiyi sahələrdən biri də səhiyyədir. Son illər Azərbaycan səhiyyəsində, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklər əldə olunub.
Ədliyyə Nazirliyində keçiriləcək aksiyanın məqsədi həm pasiyentlərin səhhətləri ilə bağlı problemlərin həll olunmasına dəstək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir.
AZƏRTAC