Mərkəzi Gömrük Hospitalının 15 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilib

Mərkəzi Gömrük Hospitalının fəaliyyətinin 15 ili tamam olub. Hospitalın 15 illik yubileyinə həsr edilmiş təntənəli tədbirdən əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev və əməkdaşlar Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Sonra nümayəndə heyəti Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də məzarları üzərinə gül dəstələri düzüblər.

Mərkəzi Gömrük Hospitalının 15 illik yubileyinə həsr edilmiş təntənəli yubiley tədbirində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov ilk öncə qonaqlara dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Ceyhun Məmmədov çıxışında bildirib: “2008-ci ilin 25 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış Mərkəzi Gömrük Hospitalı 15 il ərzində Azərbaycanın qabaqcıl klinikalarından birinə çevrilib”. Hospitalın yubiley ilinin müstəqil dövlətimizin memarı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley ilinə təsadüf etdiyini qeyd edən C.Məmmədov Ulu Öndər Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafında çox böyük əməyi və əvəzsiz rolu barədə, eləcə də Mərkəzi Gömrük Hospitalının 15 il ərzində əldə etdiyi uğurlar barədə danışıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov çıxış edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivini 15 illik yubiley münasibətilə təbrik edib, Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının yaranma tarixi barədə, bu müddət ərzində qazanılan nailiyyətlər, pandemiya dövründə və 44 günlük Vətən müharibəsi zamanı tibb işçilərinin böyük əməyi barədə danışıb və öz tövsiyələrini verib. Dövlət Gömrük Komitəsinin sədri fəaliyyətində fərqlənən tibb işçilərini fəxri fərmanla təltif edib.

Daha sonra Mərkəzi Gömrük Hospitalının fəaliyyətinə və uğurlarına həsr edilən videoçarx nümayiş olunub. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim Bəxtiyar Musayev “Mərkəzi Gömrük Hospitalı -15 il keşiyinizdə” mövzusunda, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “Mərkəzi Gömrük Hospitalı – tibb işçilərinin davamlı tibbi təhsil imkanlarının genişləndiyi məkan” mövzusunda, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, səhiyyə nazirinin müavini Nadir Zeynalov, eləcə də Azərbaycan Respublikasının əməkdar artisti, aktyor Bəhram Bağırzadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, bəstəkar Siyavuş Kərimi, DGK-nın Hüquqi Təminat İdarəsinin Hüquqi ekspertiza şöbəsinin rəisi Maqsud Səfərov, Azərbaycan Respublikasının Xalq artisti, dirijor Ramiz Məlikaslanov çıxış edərək Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə ürək sözlərini səsləndiriblər.

Tədbirdə Türkiyənin Florence Healthcare Qrupunun icraçı direktoru Sinan Nazif Aranın və Rusiya Federal Gömrük Xidmətinin Mərkəzi Klinik Hospitalının rəisi Nikolay Dasayevin təbrik müraciətləri, “Fədakar tibb heyəti”, “MGH mənim üçün …?” çarxları nümayiş olunub.

Tədbir Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının ifasında Mərkəzi Gömrük Hospitalının himninin ilk dəfə səslənməsi və himnin sözlərinə uyğunlaşmış videoklipin nümayişi ilə başa çatıb.