Məktəbli çantası yüngül, rahat və uşağın çəkisinə uyğun olmalıdır
Bakı, 17 sentyabr, AZƏRTAC
Yeni dərs ili başlayanda valideyn və məktəbliləri ən çox maraqlandıran məsələlərdən biri də məktəbli çantası olur. Çanta uşaqların ən çox təmasda olduğu əşyalardan biridir. Ona görə də çantanın düzgün seçilməsi heç də az əhəmiyyətli məsələ deyildir. Bəzi ailələrdə valideynlər məktəbli çantasını uşağın zövqünə və istəyinə uyğun olaraq alırlar. Lakin mütəxəssislər sağlamlığa hesablanmış belə məsələlərdə güzəştə getməməyi məsləhət görürlər. Onların fikrincə, uşağın fiziki ölçüsünə uyğun sadə və yüngül çantalar alınmalıdır, bu, onların sümük və əzələlərinin kövrək və elastik olması ilə əlaqədardır.
Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: “Çantanın bədən çəkisinə uyğun olmaması uşağın onurğasını qabağa əyməsinə və çiyinlərini qaldırılmasına səbəb olur. Çanta ağır olanda və birtərəfli çiyin asqısından istifadə edəndə əzələlər, xüsusilə boyun bir tərəfə əyilir, onurğada sağa və ya sola əyilmələrə səbəb olur. Çantada asqıların geniş və yumşaq olması çiyin üzərində yükün bərabər paylanmasına kömək edir, dar və sərt asqılar ağırlığı əzələnin müəyyən nöqtələrinə yönəldir. Çantanın çiyin asqılarının incə, ensiz və uzun olması sinirlərə təsir edir və bunun nəticəsində əl və qolda ağrılar yaranır. Ağır və qeyri-standart çanta daşıyan və pilləkən qalxıb-enən uşaqlarda ayaq ağrısı daha çox olur. Nəticədə ilk növbədə uşağın duruşunda problem yaranır: çiyinlər qalxır, onurğa önə doğru əyilir və kifoz dəyişikliyi gedir”.
Qeyd edək ki, uşaqların məktəb çantalarında sağlamlıq baxımından nəzərə alınmayan bəzi detallar orqanlarda funksiyaların pozulmasına aparıb çıxarır. Həkim-terapevt standart qaydalara əməl olunmasını tövsiyə edir. “İbtidai sinifdə uşaq üç-dörd kitab götürməlidir, sonrakı siniflərdə yenə də normaya uyğunluq gözlənilməlidir. Çantanı ağırlaşdıran əsas yüklərdən biri də su və qidadır. Uşaq məktəbə özü ilə 1-1,5 litr su götürməlidir və bu, heç də kiçik yük deyil. Qidanı çantaya qoymaq lazım deyil. Ayrıca qida qabları var ki, uşaq yeməyi çantaya qoymaqdansa ayrıca qida çantası götürməsi məsləhətdir”.
Mütəxəssislər bildirirlər ki, məktəbli çantası kürəkdə və çiyində ağrıya səbəb olmayacaq çəkidə olmalıdır. Məktəbli bədən ağırlığının 10-12 faizindən artıq yük daşımamalıdır. Məktəb çantalarında bel kəmərlərinin enli olması və kürəyə rahat oturması onların dəftər-kitablarını rahat daşımasına xidmət etməlidir. “Ən yüngül çanta seçilməlidir. Çantanın yükü maksimum az olmalıdır ki, ona kitab-dəftər və digər məktəb ləvazimatları qoyanda çox ağırlıq etməsin”, – deyə həkim terapevt əlavə edib.
Məktəb çantalarının seçimində digər alternativlər də var. Bel çantaları ağır və əziyyətli olduğundan uşaqların daha rahat daşıya biləcəkləri təkərli çantalara üstünlük vermələri tövsiyə olunur. Mütəxəssislərin fikrincə, 8 yaşınadək uşaqlar iki, 8-12 yaşındakı uşaqlar ən çox dörd, 12-15 yaş arasındakı uşaqlar isə beş kiloqram ağırlığında çanta götürməlidirlər.