Məktəbəhazırlıq qruplarındakı uşaqlara I sinifdə də eyni müəllim dərs keçəcək?

Bakı. İlhamə İsabalayeva – Trend:

Təhsil Nazirliyi məktəbəhazırlıq qruplarındakı uşaqların I sinifdə də eyni müəllimə həvalə olunub-olunmamasına aydınlıq gətirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

Nazirlikdən qeyd edilib ki, məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur. Martın 11-dən başlayaraq məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar avtomatik olaraq hazırlıq keçdikləri məktəblərin birinci siniflərinə qəbul olunacaqlar. Bununla bağlı həmin uşaqların valideynlərinə 11-12 mart tarixlərində bildirişlər göndəriləcək.

Qeyd edək ki, martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start veriləcək.

Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq.