Mayın əvvəlində Bakıda V Azərbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcək
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti 2014-cü ildən başlayaraq Milli Onkologiya Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycanda beynəlxalq səviyyəli Azərbaycan-Alman-Türk Tibb Konqresi təşkil edir. 2015-ci ildə isə Azərbaycan, Almaniya, İsveçrə və Türkiyədən olan 20-yə yaxın tibb mütəxəssislərinin iştirakı ilə Bakı Beynəlxalq Tibbi Treninq Günləri fakültəsi yaradılaraq konqres çərçivəsində ilk dəfə ən müasir mulyajlardan, simulyatorlardan və treninq modellərindən istifadə edilməklə açıq və laparoskopik cərrahiyyə, endoskopiya, ginekologiya, radiologiya, ultrasonoqrafiya və s. sahələri əhatə edən beynəlxalq protokollara əsasən tibbi treninqlər keçirilməyə başlanılıb. Son illər konqres və treninq iştirakçılarının arealı böyüyərək Azərbaycanla yanaşı Mərkəzi Asiya ölkələri, Rusiya, Ukrayna və Türkiyəni də əhatə edib.
Mayın 3-5-də növbəti V Azərbaycan-Alman-Türk Tibb Konqresi və V Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümovun AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, konqres zamanı cərrahiyyə, onkologiya, qastroenterologiya, radiologiya, ginekologiya, intensiv terapiya və tibbin bir sıra sahələrinin ən aktual problemlərinə həsr olunmuş çıxışlar ediləcək, müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər arasında müzakirələr və bilik mübadiləsi aparılacaq. Konqresin işində referent qismində Almaniya, Türkiyə, İsveçrə və Avstriyanın Universitet klinikalarında çalışan 20-yə yaxın tanınmış professor iştirak edəcək.
Müzakirələrlə yanaşı, həm də interaktiv diskussiyalar, ağır kliniki halların müzakirəsi keçiriləcək. Tədbirin gedişində maraqlı mühazirələr, diskussiyalar və bilik mübadiləsi ilə yanaşı laparoskopik və açıq cərrahiyyə, ginekologiya, endoskopiya, radiologiya, ultrasonoqrafiya üzrə təqribən 300 nəfər iştirakçının cəlb ediləcəyi V Bakı Beynəlxalq Tibbi Treninq Günləri çərçivəsində tibbi treninqlərin də keçirilməsi planlaşdırılır. Treninqlər Avropada davamlı tibb təhsili verən müəssisələrdə tibb mütəxəssislərinin hazırlanması məqsədilə istifadə olunan ən müasir proqram və treninq protokolları əsasında ən müasir simulyatorlardan və heyvan orqanları modellərindən istifadə edilməklə keçiriləcək. Konqres və treninqlərdə aparıcı Avropa ölkələri, Türkiyə, Rusiya və s. ölkələrdən gəlmiş beynəlxalq statuslu mütəxəssislərlə yanaşı azərbaycanlı alimlərimiz də referent, moderator və trener qismində iştirak edərək, xarici həmkarları ilə bilik və təcrübə mübadiləsi aparacaqlar. Bu il də ötən illərdə olduğu kimi Milli Onkologiya Mərkəzi, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Elmi Tədqiqat Mama-Ginekologiya İnstitutu və bir sıra digər klinikalarda ginekologiya, radiologiya və endoskopiya sahələri üzrə ustad dərslərinin, canlı əməliyyatların və mürəkkəb xəstələrlə bağlı müzakirəsinin də keçirilməsi planlaşdırılır.
Tədbir Avropa Davamlı Tibb Təhsili İnstitutları və Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 30 CME balı ilə qiymətləndirilib.