Mayın 5-i Beynəlxalq Həkim-Mama Günüdür
Bu gün qayğıkeş əlləri ilə bizi dünyaya gətirənlərin peşə bayramıdır. Artıq iki onillikdən çoxdur ki, mayın 5-i Beynəlxalq Həkim-Mama Günü kimi qeyd edilir. 1987-ci ildə Niderlanda keçirilən konfransda Həkim-Mama Beynəlxalq Assosiasiyası həmin günün qeyd olunması ideyası ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Həkim-Mama Günü yalnız 1992-ci ildə rəsmi status qazanıb. İndi dünyanın 50-dən artıq ölkəsində həmin gün qeyd edilir və əsas məqsədi həkim-mamaların işinin əhəmiyyəti haqqında əhalini məlumatlandırmaqdan ibarətdir. Bu peşənin əhəmiyyəti çox böyükdür, axı ananın və uşağın sağlamlığı məhz onun təcrübə, bilik və bacarığından asılıdır.
Hamiləlik və doğuşla bağlı qadın orqanizmini öyrənən bu elmin təməli hələ qədim Hindistanda qoyulub, sonralar qədim Yunanıstanda davam etdirilib və günümüzə qədər gəlib çıxıb.
Həkim-mama qadın doğum evinə daxil olandan körpə dünyaya gətirib xəstəxanadan çıxanadək onunla bir yerdə olur. Hər addımda gələcək ananın yanında olaraq sənədləri rəsmiləşdirir, hamilələrə lazımlı tibbi yardımı və mənəvi dəstək göstərir.
Həkim-Mama Günü müxtəlif yürüşlər, aksiyalar, ictimai yerlərdə pulsuz konsultasiyalar keçirilir, bu sahədə əldə edilən uğurlar barədə maarifləndirilir. Bu əlamətdar gün həkim-mama sənətinin vacibliyini önə çıxarmaq, cəmiyyəti bu istiqamətdə maarifləndirmək məqsədilə qeyd edilir. Həkim-mama peşəsini seçən hər bir kəs professionallığı ilə yanaşı, mərhəməti, qayğıkeşliyi və mehribanlığı ilə də seçilməlidir.