Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür. Beynəlxalq Dağınıq Skleroz Günü bu problemlə məşğul olan Beynəlxalq Federasiya tərəfindən təsis edilib. Dağınıq skleroz baş-beyni, görmə sinirlərini, onurğa beyni zədələyən xəstəlikdir və orqanizmdə müvafiq funksiyaların pozulmasına səbəb olur. Xəstəlik sinir liflərinin üzərini örtən ağ piy maddəsi mielinin yox olması – xaotik dağınıq mielinsizləşmə ocaqlarının yaranması ilə səciyyələnir. Statistik məlumatlara əsasən, hazırda dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı təxminən 2.3 milyona bərabərdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda dağınıq skleroz səhiyyənin aktual məsələlərindən biridir. 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət tibb müəssisələrində müayinə və müalicənin, həcminin və həyat keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən daha səmərəli preparatlarla təminatının yaxşılaşdırılması üçün lazımi şərait yaradılıb.
Ümumiyyətlə, dünyada 1935-ci ilə qədər bu xəstəlik haqqında heç bir məlumat olmayıb. Onun əlamətlərini ilk dəfə fransız həkimi J.Kryuvele təsvir edib. İki il sonra Böyük Britaniyada R.Karsvell də onun haqqında müşahidələrini ifadə edib. XIX əsrin ortalarına doğru xəstəlik barəsində artıq xeyli məlumat var idi. 1868-ci ildə fransız nevroloq J.Şarko dağınıq sklerozun patomorfoloji əlamətlərini toplayaraq xəstəliyin diaqnostik meyarlarını hazırlayıb.
Dağınıq skleroz adətən gənc yaşlarda başlanır. Lakin 15 yaşdan 60 yaşa qədər istənilən dövrdə onunla rastlaşmaq mümkündür. Qadınlar kişilərə nisbətən xəstəliyə daha çox meyillidir. Ən yüksək xəstələnmə faizi mülayim iqlimdə yaşayan ağ irqə mənsub olanlar arasında müşahidə edilir. Xəstəlik irsən keçmir. Dağınıq skleroz tam əlilliyə səbəb olan travmalar və revmatoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.