Loqopedik bantlar nitq qüsurlarını aradan qaldırmağa kömək edir
Bakı, 14 aprel, AZƏRTAC
Son vaxtlar nitq qüsurlarının müalicəsi üçün loqopedik bantlardan istifadə olunur və müsbət nəticələr əldə edilir.
AZƏRTAC xəbər verir ki, loqoped-defektoloq Şəhla Əliyeva bununla əlaqədar deyib: “Loqopedik bantlar aktiv olmayan əzələləri fəallaşdırır. Məsələn, uşaqda ağız suyu həddindən artıq ifraz olunanda, həmçinin Daun sindromu və serebral iflic zamanı həmin problemlərə daha çox rast gəlinir. Loqopedik bantlar problemin aradan qaldırılmasına çox müsbət təsir göstərir”.
Onun dediyinə görə, udma və çeynəmə problemləri zamanı da həmin bantlardan istifadə faydalıdır: “Əsasən səs pozuntusu olan uşaqlarda dodaq əzələləri aktiv olmur, yanaq əzələləri passiv vəziyyətdə olur və həmin hallarda bantlardan istifadə edilməsi çox yaxşıdır. Onun istifadəsi dodaq əzələlərini fəallaşdırır, xüsusilə çeynəmə və udma problemləri olanda səmərəli nəticə verir”.
Bəzən valideynlər bunu evdə özləri etməyə çalışırlar, lakin bu, düzgün deyil: “Bu zaman artikulyar aparatın hansı yöndən inkişaf edəcəyini bilməyən valideyn uşağı yanlış istiqamətləndirə bilər. Ona görə də mütəxəssis məsləhəti olmadan həmin bantlardan istifadə etmək olmaz”, – deyə loqoped-defektoloq xəbərdarlıq edib.
Onu da qeyd edək ki, allergiya, dəri həssaslığı, səpki və qızdırma olanlara da həmin üsulu tətbiq etmək qadağandır.