Lənkəranda pediatrlar üçün təlim keçirilib
2014-cü ildən başlayaraq UNİCEF-in dəstəyi ilə ölkəmizdə İnkişafın Dəstəklənməsi və İzlənməsi (İDİR) üzrə Beynəlxalq Rəhbərliyin tətbiqi ilə əlaqədar Səhiyyə Nazirliyi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu və Bakı Bərpa Müalicə Mərkəzi ilə birgə tədbirlər həyata keçirir. Əməkdaşlıq çərçivəsində İnstitutun pediatriya, nevrologiya və ailə təbabəti kafedralarının 2017-2018-illər üçün təkmilləşdirmə proqramlarında ölkəmizdə uşaqlara yardım göstərən pediatr, uşaq nevroloqları və ailə həkimlərinin İDİR-dən istifadəsinə dair təlimlərin keçirilməsi də nəzərdə tutulub. Təlimlər səyyar olaraq respublikamızın şəhər və rayonlarında da təşkil olunur. Tədris ilinin əvvəlindən indiyədək bir neçə təlim keçirilib.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran şəhəri mərkəzi rayon xəstəxanasında keçirilən növbəti tədbirdə Lənkəran, Masallı, Astara və Lerik rayonlarda fəaliyyət göstərən 32 həkim-pediatr, nevroloq və psixoloq iştirak edib. Təlimləri Ə.Əliyev adına pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova, nevrologiya kafedrasının assistenti Mehriban Məmmədova və ailə təbabəti kafedrasının əməkdaşı Səidə Əliyeva aparıblar.
İki gün davam edən təlimdə pediatrlara İDİR-in fəlsəfə və konsepsiyası, istifadə etmək yolları təqdim olunub. Təlim iştirakçılarına kliniki təcrübədə İDİR-in istifadəsinin uşaqlar üzərində həyata keçirmək imkanı yaradılıb.
Həkimlər uşaqlarda inkişaf çətinliklərini erkən aşkarlamaq üçün təlimdə öyrəndiklərini öz təcrübələrində tətbiq edəcəklərini söyləyiblər.