Körpələrin ilk 6 ayda sadəcə ana südü ilə qidalanmağı tövsiyə edilir

Bakı, 27 fevral, AZƏRTAC

Son dövrlər ölkəmizdə yeni doğulan körpələrin ana südü ilə qidalandırılmasının azalması və süni qidalara tələbatın artması acı bir həqiqətdir. Ana südünün süni qidalarla əvəz edilməsinin bir çox səbəbləri var. Həkimlər bu səbəblərin mümkün qədər aradan qaldırılması və körpələrin ana südü ilə qidalanmasının təmin olunmasını tövsiyə edir.

AZƏRTAC Azərbaycan Tibb Universitetinə (ATU) istinadla bildirir ki, universitetin I uşaq xəstəlikləri kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının neonatoloqu Sərxan Elbəyiyev bəzən qadınların doğuşdan sonra tezliklə işə çıxdıqları üçün uşağı ana südü ilə qidalandırmaqdan imtina etdiklərini qeyd edib: “Bəzi hallarda isə analar südün uşağına kifayət etməyəcəyini düşünür. Hamiləlik dövründə və doğuşdan sonra tibbi heyət tərəfindən analar üçün lazımi səviyyədə maarifləndirmə aparılmalıdır”.

Neonatoloq ana südü ilə qidalanmayan körpələrin sağlamlığında ciddi problemlər yarana biləcəyini deyib: “Uşaq ölümlərinin böyük bir qismində qida çatışmazlığının önəmli rolu var. Bəslənmənin düzgün olmaması böyümə və inkişafdan geriqalma, malnutrisiya, infeksiyalar və xroniki xəstəliklərin ağırlaşmasına təsir edir. Ana südünün tərkibində protein, yağlar, karbohidrat, mikroelementlərdən əlavə, süni qidalarda olmayan bir çox bioaktiv maddələr var. Ana südü ilə qidalanma uşaqları alt tənəffüs sistemi xəstəlikləri, orta qulaq iltihabı, bağırsaq infeksiyaları, allergik xəstəliklər, metabolik sindrom, piylənmə, xoralı kolit, kron xəstəliyi, hipertoniya, leykoz kimi kəskin və xronik problemlərdən qoruyur. Eyni zamanda, zəka geriliyi, nitq funksiyalarında gerilik, diqqət əksikliyi, autizm kimi halların qarşısını alır. Əsas məsələlərdən biri də odur ki, körpəni ana südü ilə qidalandırmanın qadının özünə də faydası var. Belə ki, qadınlarda endometrium, yumurtalıq və süd vəzinin xərçəngi kimi xəstəliklərin risklərini kifayət qədər azaldır, hamiləlik sonrası çəki itirərək əvvəlki kiloya qayıtmasına şərait yaradır, analıq hissinin əmələ gəlməyinə və ana-körpə arasında olan münasibətin inkişafına şərait yaradır”.

Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) uşaqlarda ilk 6 ayda sadəcə ana südü ilə qidalanmanı, 2 yaşına qədər ana südünün xüsusi nəzarət altında və əlavə qidalarla birgə verilməyə davam edilməsini məsləhət görür. Klinik araşdırmaların nəticələrinə görə isə, ana südü ilə qidalanan yenidoğulmuşlarda ölüm halları 3 qat daha az olur.