Körpələrin dırnaqlarını necə kəsmək lazımdır?

Yeni doğulanlara qulluq qaydaları hər kəs üçün önəmlidir. Bu qaydaları təkcə analar deyil hamı bilməlidir. Qulluq qaydalarından biri də körpələrin dırnaqlarının kəsilməsi ilə bağlıdır. İlk baxışda adi görünsə də, bu, çox incəliklə və diqqətlə icra edilməli prosesdir.

e-tibb.az körpələrin dırnaqlarının kəsilmə qaydaları ilə bağlı pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlunun məqaləsini təqdim edir:

Körpələrin dırnaqları inanılmaz dərəcədə tez uzanır və ona görə həftədə iki dəfə kəsilməlidir.

Körpə dırnaqlarının qısa kəsilməsi onların dırnaqları vasitəsilə özlərinə zərər verməsinə mane olur və əlləri vasitəsilə ətrafındakı əşyalara daha rahat toxunmasına şərait yaradır. Dırnaq tutarkən dırnağın altındakı dərini əlinizlə tutmalısınız ki, səhvən həmin dərini də kəsməyəsiniz. Ayaq dırnaqları daha gec uzanır. Belə ki, ayaq dırnaqlarını iki həftədə bir dəfə kəsməyiniz kifayətdir. Doğulandan sonra ilk həftələrdən etibarən (çox uzundursa daha tez bir zamanda) dırnaqlar kəsilə bilər. Yəni körpənin qırx günlük olmasını gözləmək lazım deyil. Əl dırnaqları yuvarlaq, ayaq dırnaqları isə düz olaraq kəsilməlidir. Onu da qeyd edim ki, dırnaq batmalarının və dırnaq kənarı infeksiyaların ən önəmli səbəbi dırnaqların düzgün olmayan kəsilmə şəklidir. Dırnaqların kəsilməsinə baxmayaraq, ilk 6 həftə körpələrə əlcək geydirilməsini də tövsiyə edirik. Bununla körpənin üz-gözünü cızmasının qarşısını almış oluruq. Altıncı həftədən sonra isə əlcəklərin çıxarılması məsləhətdir. Bu körpənin inkişafı üçün çox əhəmiyyətlidir. Gəlin unutmayaq ki, körpələrin ilk oyuncaqları məhz əlləridir. Bu səbəbdən əlcəklərin uzun müddət saxlanılmasını tövsiyə etmirik. Əlcəklərin çıxarılmasından sonra dırnaqların düzgün və vaxtında kəsilməsinə daha çox diqqət etmək lazımdır. Körpələrin dırnaqlarını onları çimizdirdikdən sonra da kəsə bilərsiniz. Bu zaman onların dırnaqları bir az daha yumşaq olur. Dırnaqlar yuxu halında da kəsilə bilər, amma bu prosesi oyaq ikən etməyiniz daha məqsədəuyğundur. Dırnaq tutarkən məhz körpələr üçün nəzərdə tutulmuş xüsusi qayçılardan istifadə edilməlidir. Əgər yanınızda sizə kömək edəcək biriləri varsa, bu prosesin ikinci bir şəxsin köməkliyi ilə etməyiniz daha yaxşı olardı. Bəzən valideynlər körpələrin dırnaqları tez-tez uzanmasın deyə onu lap qısa kəsirlər ki, bu da doğru deyildir. Belə ki, bu dırnaq dibində infeksiyaların yaranmasına və qanamalara səbəb ola bilər.