Körpələri öpmək onların sağlamlığı üçün təhlükəlidir

Bakı, 10 fevral, AZƏRTAC

Böyüklər körpələri öpərkən onları ciddi xəstəliklərə yoluxma təhlükəsi ilə üz-üzə qoyurlar.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Başak Tanır deyib.

Onun sözlərinə görə, immun sistemi zəif olan körpələri öpmək onların sağlamlığı üçün təhlükəlidir. “Yenidoğulanların, hətta 1 yaşa qədər olan körpələrin immun sistemi güclü olmaya bilər. Soyuq havalar və mövsümi keçidlər zamanı soyuqdəymə, qrip, pnevmoniya, otit, faringit, sinüzit kimi yuxarı tənəffüs yolu infeksiyalarına tez-tez rast gəlinir. Xüsusilə vaxtından əvvəl doğulan körpələrdə müdafiə sistemi kifayət qədər inkişaf etmədiyi üçün ilk aylarda onları ağız və tüpürcəklə təmasdan qorumaq lazımdır. Xəstə insanlar körpələri öpəndə bu, ciddi xəstəliklərə səbəb ola bilər”.

Valideynlərə bu kimi hallardan çəkinməyi məsləhət görən mütəxəssis: “Uşağınızın sağlamlığını riskə atmayın. Xüsusilə uşaq balaca olanda izdihamlı şəkildə qonaq qəbul etməyin. Körpəyə qulluq edənlər əl gigiyenasına diqqət etməlidir. Əl gigiyenası uşaqların bu dövrü üçün olduqca vacibdir. Eyni zamanda, valideynlər körpələri nəzərə alaraq, bol C vitamini qəbul etməlidir”,- deyə bildirib.