Körpələrə tətbiq olunan 3 gün qanunu nədir?

 

Doğumdan etibarən körpələr ana südü və yaxud süni qidalarla qidalanırlar. Bir çox hallarda körpələrə əlavə qidaların verilməsi çox kiçik porsiyalarla 6 aydan etibarən verilməyə başlanılır. Bu dövrdə əlavə qidalar körpənin bu qidaya öyrənməsi və əlavə qida kimi qida rasionuna daxil olunması üçün verilir. Ona görə körpəyə ilk vaxtlar əlavə qida doymaq üçün verilmir. Hətta bu zaman qidanın körpəyə 3 körpə qaşığı qədər də verilməsi belə kifayət edir. Sadəcə yeni başlanılmış bu qidaya qarşı körpənin allergik reaksiyasını yoxlamaq məqsədi ilə verilir.

Analar körpələrinə yeni bir qida başladıqlarında onları narahat edən mövzulardan biri bu qidanın uşaqda qaz sancısı, narahatlıq və ya allergik reaksiya verib-verməməsidir. Burada 3 gün gözləmə qanunu çox mühüm rola malikdir. Çünki, hər bir körpənin orqanizmi anadan olduqları vaxtdan biri-birindən fərqlənir.

“3 gün gözləmə qanunu” nədir?

Körpələrin yeni bir əlavə qidaya başladıqları vaxtdan 3 gün gözləyərək onun həmin qidaya qarşı reaksiyasını yoxlaya bilərsiz. Bu qanunla siz yeni verilən qidaya qarşı uşağınızda yarana biləcək allergik reaksiyanı, yan təsirləri və bu əlamətlərin məhz hansı qidadan olduğunu asanlıqla öyrənə bilərsiz.  Həmçinin, körpənizin yeməkləri tanıması və dadlarını ayırd edə bilməsi üçün yeməkləri 3 gün ara ilə vermək vacibdir. Yavaş-yavaş əlavə qidaya başladığınız körpənizə yeni bir qidanı 3 gün verdikdən sonra digər qidanı əlavə edə bilərsiz. Beləliklə körpənizin bu qidaya qarşı reaksiyalarını və onu sevib-sevmədiyini anlayacaqsınız. Həmçinin bu sizin baş verə biləcək reaksiyalara qarşı daha məqsədli yanaşmağınıza da gətirib çıxaracaqdır.

“3 gün qanunu” necə həyata keçirilir?

Məsələn: körpəniz ana südü və ya hazır süni qida ilə qidalanır. Siz körpəniz üçün buxarda kartof bişirirsiz və üstünə az miqdarda zeytun yağı  əlavə edirisiniz. İlk gün onun 1-2 qaşıq yeməsi belə kifayətdir.  Sonrakı iki günü isə “qaşıq saylarını” artıra bilərsiniz. 3 gün bu qidanı verərək qaz sancısı və ya allergik reaksiyanın inkişaf edib-etmədiyini müşahidə edin. Sonra qidasına düyü də əlavə edə bilərsiz. 3 gün gözləyib başqa qida əlavə edə bilər və ya ayrı verə bilərsiz. Beləliklə asanlıqla körpənizin nəyə qarşı allergiyasının olduğunu müşahidə etmək şansınız olacaqdır.

Bu qanunu yerinə yetirməklə siz körpənizin bədənini ona uyğun olmayan qidalardan qoruya biləcəksiniz. Həmçinin onun ayrı-ayrı qidalara qarşı reaksiyalarını gördükdən sonra onları qruplaşdıracaqsınız. Ən əsası isə körpənizə uyğun olan qida cədvəli hazırlamaq üçün şərait yaranacaqdır.

 

“3 gün gözləmə qanununa” nə vaxta qədər riayət edilməlidir?

3 gün gözləmə qanunu körpənizin qidalanma vərdişləri  tam uyğunlaşana qədər yerinə yetirilməlidir. 6-cı aydan etibarən başlanan bu qayda 9-10-cu aylar arası artıq dayandırıla bilinər. Əgər ailənizdə allergiyadan əziyyət çəkən şəxslər varsa bu qayda 12-ci aya qədər də uzadıla bilinər. Yarana bilinəcək hər bir allergik reaksiya barədə həkiminizlə məsləhətləşin.

Verdiyim qidanın körpəmdə reaksiya yaratdığını necə müəyyən edə bilərəm?

Körpənizə yeni bir qida verdikdən sonra allergik reaksiyalar özünü bir neçə saatdan bir neçə günə kimi büruzə verə bilər. 3 gün gözləyərkən əsas qidadan sonra körpənin bədənində qızartı (yanaqlarında, arxasında (poposunda) və sair ) və ya qabarıqlıq, qaz sancıları,qaşıntı, narahatlıq, yuxu problemləri, qusma, ishal, qanlı nəcis və sair əlamətlərin olub-olmamasına diqqət etmək lazımdır. Əgər hər hansı bir qidadan sonra bu əlamətlərdən biri və ya bir neçəsini müşahidə etsəniz həmin qidanı kəsməyiniz və fasilə verməyiniz məsləhət görülür.  Təxminən 3 həftə sonra “3 gün qanununda”olduğu kimi yenə həmin qidanı verib təkrar yoxlaya bilərsiniz. Əgər o qidaya qarşı yenə allergik reaksiya görsəniz həkiminizlə məsləhətləşməyiniz və onu körpənizin qida menyusundan çıxarın.

 

Phd. Uzman dr. Əli Quliyev

Mütəxəssis dr. Nərmin Əzizova